Mayk Tayson və Ceyk Pol arasında noyabr ayının 16-da keçiriləcək döyüşün biletlərinin qiyməti məlum olub.
Oxu.Az “Sporx”a istinadən xəbər verir ki, rinqin bir metr yaxınlığında əyləşmək istəyən şəxslər iki milyon dollar ödəməli olacaqlar.
VIP biletlərə sahib şəxslər hər iki döyüşçü ilə şəkil çəkdirmək şansı da əldə edəcəklər.
Kənardakı oturacaqlar üçün biletlərin qiyməti minimum 10 min, maksimum isə 50 min dollar təyin edilib.
Marağın böyük olduğu döyüşdən öncə tərəflərdən biri ilə bağlı maraqlı məlumat yayılıb. Belə ki, Ceyk Polun sevgilisi Yutta Lerdam ona Taysonla döyüşdən imtina etməsini tapşırıb. Niderlanddan olan Yutta özü də konkisürmə ilə məşğuldur və bu iki idman növü arasında paralel apararaq təşvişini əsaslandırıb.
Yuttanın fikrincə, idmanda yeni olanların təcrübəli ustalar qarşısında şansı çox azdır. Bu baxımdan, o düşünür ki, yaşına baxmayaraq, Tayson əzələ yaddaşı sayəsində gücünü qoruya və qələbə qazana bilər.
Ceyk Pol isə boksla beş ildən az müddətdir ki, məşğul olur.
Qeyd edək ki, döyüş Bakı vaxtı ilə noyabrın 16-sı, saat 4:00-da başlayacaq.