“İqlim Skaneri potensial ekoloji audit mövzularının müəyyənləşməsinə imkan verəcək”.
Oxu.Az xəbər verir ki, bunu bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Ali Audit Orqanlarının (AAO) Beynəlxalq Təşkilatı olan INTOSAI-ın təşkilatçılığı ilə “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə Hesablama Palatasının sədi Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, ali audit orqanları tərəfindən iqlim fəaliyyətinə töhfənin verilməsi istiqamətində ən vacib addımlardan biri INTOSAI-a hazırda sədrlik edən Braziliya Federal Hesablama Məhkəməsi, INTOSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupu ilə birlikdə ekspertlərin və beynəlxalq təşkilatların (BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UNDESA), Dünya Bankı, BMT-nin İnkişaf Proqramı (UNDP) və s.) dəstəyi ilə İqlim Skaneri adlı təşəbbüsünün hazırlanmasıdır.
Sədr bildirib ki, İqlim Skaneri aləti vasitəsilə bu təşəbbüsə qoşulan 141 ölkənin Ali Audit Orqanı tərəfindən iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində hökumət tərəfindən görülən işlərin, o cümlədən, milli və beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərin icrası vəziyyətinin qiymətləndirilməsi aparılır.
İqlim fəaliyyəti sahəsində aparılan auditlər zamanı çıxan əsas çağırışlar açıqlanıb.
Tədbirdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iqlim fəaliyyəti sahəsində aparılan auditlər zamanı ortaya çıxan çağırışlara toxunub.
O bildirib ki, onların bir hissəsi audit institutu ilə, bir hissəsi isə auditin keçirildiyi mühitlə əlaqəlidir və bunların əksəriyyəti bütün ölkələrin AAO-ları üçün aktualdır.
Sədr əsas çağırışlar arasında:
– iqlim fəaliyyəti ilə bağlı məlumatların çeşidi və vaxtında təqdim edilməsindəki problemləri;
– iqlim maliyyəsi ilə bağlı yaxşı hesab olunacaq təcrübə sayının azlığını;
– yaşıl büdcə ilə bağlı nəzəriyyə və praktik tətbiq arasında fərqlərin müşahidə edilməsini;
– iqlimlə bağlı audit standartlarının inkişaf mərhələsində olmasını;
– auditorlarda bu sahə üzrə xüsusi bilik və bacarıqlara yiyələnməklə bağlı ehtiyacı;
– audit proseslərinə Dayanıqlı İnkişaf Məqsədlərinin daxil edilməsi şəraitində hökumət əsaslı auditlərin sayının artımı üçün zərurətin yaranmasını xüsusi vurğulayıb.
Məhərrəm Əliyev