“Azərbaycan konstruktiv və səmərəli iqlim müzakirələrində iştirak etmək istəyən hər kəs üçün öz qapılarını açıb”.
“Report” xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Fransanın ekologiya nazirinin Bakıya səfərini ləğv etməsi barədə qərarı ilə bağlı fransız jurnalistin sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan COP29-un sədri kimi müsbət nəticə əldə etmək üçün bütün proseslərin inklüzivliyini təmin edib.
“Biz 80-dən çox dünya liderini qəbul etmişik, burada yüzlərlə nazir toplaşıb və danışıqlar prosesinin həqiqətən də inklüziv olmasına çalışmışıq. Biz konstruktiv və məhsuldar müzakirələrə qoşulmaq istəyən hər kəs üçün qapılarımızı açmışıq. Qapılarımız açıq qalır və ümid edirik ki, burada iştirak edənlərin hamısının ümumi niyyəti var.
İlk növbədə inkişaf etməkdə olan ölkələrin ehtiyac və prioritetlərinin təmin edilməsinə kömək edəcək müsbət nəticə əldə etmək üçün kollektiv səylərdə iştirak etmək istəyirik”, – o vurğulayıb.