2024-cü il noyabrın 15-də COP29 çərçivəsində “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfrans başa çatıb.
Oxu.Az xəbər verir ki, Yaşıl Zonada “Water” konfrans zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə baş tutmuş konfransın II panelinin moderatoru “Qarabağın Tərəqqi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova olub.
“Qlobal iqlim həllərinə icma nümayəndələrinin cəlbi: çağırışlar, imkanlar və yollar” adlı II paneldə Pakistanın Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun (GSISD) təsisçisi Qayser Nəvab, “President’s Award-Kenya” təşkilatının icraçı direktoru Marqaret Kiogora, Beynəlxalq Ticarət Mərkəzinin YECO Proqramında “startap” mentoru və Dünya Bankının Qlobal Gənclər Sammitində AB EMEA nümayəndəsi Berat Şenyerli, “Global One 2015” təşkilatının icraçı firektoru Husna Əhməd məruzələrlə çıxış ediblər.
“Gənclərin və qadınların iqlim liderliyində gücləndirilməsi”, “Yaşıl, dayanıqlı və inklüziv gələcək”, “İnklüziv iqlim hərəkatının qurulması” və s. mövzularda geniş müzakirələr aparılıb.
Konfrans birgə bəyanatın qəbul edilməsi ilə başa çatıb.
Mərahim Nəsib