COP29-da yaradılan şərait həm də müyəssərlik baxımından müsbət mənada fərqlənir. Tədbirin təşkil olunduğu məkan bütün kateqoriyalı əlilliyi olan insanlar üçün 100 faiz əlçatanlığı ilə seçilir. Bu o deməkdir ki, girişdən bütün konfrans zallarına qədər heç bir maneə yoxdur. İstər təkərli oturacaq istifadəçiləri olsun, istər görmə və eşitmə məhdudiyyətli, istərsə də digər kateqoriyalı insanlar üçün bərabər bir mühit yaradılıb ki, həmin insanlar bu tədbirin bərabərhüquqlu bir qonağı kimi iştiraklarına şərait yaradılır.
Əbəs deyil ki, ölkəmizə təşrif buyuran əlilliyi olan xarici qonaqlar da yaradılan şəraitdən məmnunluq ifadə edirlər.
Oxu.Az-la fikirlərini bölüşən Yeni Zelandiya parlamentinin deputatı Aupito Uilyam bildirib ki, əlilliyi olan insanlara ən yaxşı şərait məhz COP29-da yaradılıb:
“Qeydiyyat masalarının yanında əlillər üçün xüsusi yerlər ayrılıb ki, biz növbədə dayanıb çox əziyyət çəkməyək. Bu proses bizə çox kömək edir və iştirakımızı asanlaşdırır. Ümumiyyətlə, elektrikli təkərli arabadan istifadə edənlər üçün bütün şərait yaradılıb. Giriş və çıxış qapılarında da heç bir məhdudiyyət və çətinlik yoxdur”.
“Bu baxımdan, hesab edirəm ki, Azərbaycan tədbirə çox yaxşı hazırlaşıb. Hətta bütün ərazi beynəlxalq standartlara cavab verəcək şəkildə tərtib olunub”, – deyə xarici nümayəndə əlavə edib.
COP29-un nigeriyalı nümayəndəsi Cozef Abiodun Omoniyi də Oxu.Az-a tədbirdə onlar üçün yaradılan şəraitdən razı qaldığını bildirib:
“Burada əlilliyi olan insanların asan hərəkət etməsi üçün bir sıra müxtəlif yollar var. Bu, kovrolitin sıxlığından tutmuş, əlilliyi olan şəxslərin yerləşdirilməsi üçün təşkil olunan vasitələrə və insanlara qədərdir. Əlillərə kömək edən çox sayda könüllü var ki, mən onların üzv olduğu təşkilatlardan biri ilə mütəmadi əlaqə saxlayıram. Ona görə də heç bir yerdə hərəkətlilik baxımından çətinlik çəkmirik.
Əlilliyi olan insan kimi müşahidə etdiklərim bunları deməyə əsas verir”.
“COP29-dan gözləntim bütün vədlərin yerinə yetirilməsi və əlilliyi olan şəxslərin də bu kimi beynəlxalq tədbirlərdə iştirakına, eləcə də proseslərdə söz sahibi olmasına şərait yaradılmasıdır. İnklüzivlik və inkişaf etməkdə olan ölkələrin maliyyələşdirilməsini təmin etmək bir-birinə bağlı məsələlərdir”, – deyə nigeriyalı nümayəndə diqqətə çatdırıb.
Avropa Əlillər Forumunun icraiyyə komitəsinin üzvü, hüquq müdafiəçisi Nadya Hadad da onlara yaradılan şəraitlə bağlı Oxu.Az-la fikirlərini bölüşüb:
“Yerləşdiyimiz ərazidən tədbirin keçirildiyi məkana gəlmək üçün sifariş verə biləcəyimiz xüsusi taksilər var. Biz burada olanda taksi üçün istifadə edə biləcəyimiz bəzi çeklər aldıq. Bu, hərəkətimizi asanlaşdırmaq üçün çox yaxşı addımdır. Lakin dünyada 1.3 milyard əlilliyi olan insan var və çox istərdik ki, beynəlxalq tədbirlərdə səsimiz daha çox eşidilsin”.
“Ümumiyyətlə, COP29 hər formada çox yaxşı təşkil olunub. Çox şey əlçatandır və bu da işimizi asanlaşdırır. Ümid edirik ki, tədbirin sonunda məqsədimizə nail olacağıq”, – deyə qonaq fikrini yekunlaşdırıb.
Mərahim Nəsib