“İqlimlə bağlı qlobal müzakirələrin Bakıda təşkil edilməsi məni çox məmnun edir. Artıq ikinci həftədir ki, Azərbaycan COP29 kimi nəhəng sammitə uğurla ev sahibliyi edir. Dünya ictimaiyyətinin diqqəti bu tədbirdədir. Öz növbəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də çıxışlarında dəfələrlə qeyd edib ki, beynəlxalq təmas olmadan, qlobal miqyasda iqlim böhranın həlli mümkünsüzdür”.
Bu sözləri Oxu.Az-a açıqlamasında ölkəmizdə keçirilən COP29 iqlim konfransına qatılan Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi yanında Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova deyib.
O, Yaşıl Zonada təşkil edilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin birgə forumunun məqsədlərinə də toxunub:
“Öz növbəsində bizim də əsas mövzumuz türkdilli dövlətlərin iqlim gündəliyidir. Təbii ki, bir ölkədə baş verən ekoloji dəyişiklik digər ölkələrə də öz təsirini göstərir. Biz vahid ekosistemdə mövcudluğumuzu sürdürürük. Bu səbəbdən birgə layihələr ətrafında müzakirələri aparır, onları həyata keçirməyin yolları haqqında təklifləri dəyərləndiririk”.
Gülbarə Sultanova Azərbaycan və Qazaxıstandan olan könüllülərin həyata keçirdiyi birgə layihə haqqında da məlumat verib:
“Misal üçün, ötən il ərzində Azərbaycan və Qazaxıstandan olan könüllülərin birgə təşəbbüsü ilə Xəzər dənizinin 50 kilometrə qədər sahil zolağı məişət tullantılarından təmizlənib. Hesab edirəm ki, oxşar təşəbbüslər ekoloji mühitin qorunmasında müsbət təsir göstərir”.
Şəhriyar Səmədov