“İqlim dəyişikliyi antropogen təsirlərlə birlikdə Xəzər dənizinin səviyyəsinin davamlı azalmasına səbəb olur”.
Oxu.Az xəbər verir ki, bunu Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev COP29 çərçivəsində keçirilən “İqlim dəyişikliyi fonunda Xəzər dənizinin səviyyəsinin enməsi” mövzusunda yüksəksəviyyəli görüşdə deyib.
Onun sözlərinə görə, araşdırmalar göstərir ki, 2030-cu ilə qədər Xəzər dənizinin səviyyəsi -29,6 metrə enəcək:
“2050-ci ilə qədər dəniz səviyyəsi -32 və ya -34 metrə çata bilər. Bunun işığında biz iqlim dəyişikliyinin həyat keyfiyyətimizə də təsir edə biləcəyini başa düşürük.
Biz hesab edirik ki, iqlim dəyişikliyinin dəniz mühitinə və Xəzər dənizinin təbii ərazilərinə mənfi təsirini azaltmaq üçün hərtərəfli strategiyanın hazırlanması zəruridir.
Ölkələr ciddi nəticələrə səbəb ola biləcək problemin həlli üçün güclərini birləşdirməlidirlər. Biz Xəzərin dayazlaşması problemi ilə bağlı işçi qrupun yaradılması məsələsində Azərbaycanı dəstəkləyirik”.
Aygün Mirakif