“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, ekologiyanın xilası üçün ən mötəbər platformalardan sayılan COP29 konfransı uğurla öz işini davam etdirir. Dünyanın 100-dən çox ölkəsindən gəlmiş nümayəndələr ekoloji problemlərin həlli məqsədilə bir araya toplaşıblar və hər biri öz milli çalarları ilə bəzənmiş pavilyonlarda yaşıllaşma istiqamətində təşəbbüslər irəli sürürlər.
Bu gün dünya liderləri belə bir mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycana dərin minnətdarlıqlarını bildirirlər. Bu, ölkəmizin daha bir beynəlxalq uğuru deməkdir. Sözsüz ki, qlobal media resurslarının diqqəti bu tarixi günlərdə də bizim üzərimizdədir. Xarici KİV-də ölkəmizlə bağlı kifayət qədər xəbərlər yayımlanıb, həm uğurumuzu gözü götürənlər, həm də gözü götürməyənlər ölkəmizlə bağlı xəbərlər təqdim edib.
Avropa Birliyinin rəsmi saytı “COP29: Avropa İnvestisiya Bankı Bakı metrosunun təkmilləşdirilməsinə dəstək verəcək” başlıqlı xəbər yayımlayıb. Bildirilib ki, Avropa İnvestisiya Bankı və Azərbaycan əməkdaşlığı gücləndirilir.
Bakıda keçirilən COP29 çərçivəsində Avropa İnvestisiya Bankı və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalandığı diqqətə çatdırılır. Qeyd olunur ki, Memorandumun şərtlərinə əsasən, hər iki tərəf Bakının metro şəbəkəsinin yenilənməsi, genişləndirilməsi və modernləşdirilməsi layihəsinin hazırlanması və tam qiymətləndirilməsi üçün birgə çalışacaq.
ABŞ-nin Xarici Siyasət Assosiasiyasının xəbər saytında “COP29 siyasiləşdirilməməlidir” başlıqlı məqalə dərc olunub. Bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham müəllif məqaləsində yazıb.
Qeyd olunub ki, dünyanın iqlimlə bağlı ciddi təhlükələrlə üzləşdiyi şəraitdə beynəlxalq ictimaiyyət COP29-da diqqətini məhz bu məsələlərə yönəltməlidir. Xorvatiyanın “Jutarni List” nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin COP29-da çıxışı geniş işıqlandırılıb. Xüsusilə Prezident İlham Əliyevin Liderlər Sammitinin açılış mərasimindəki çıxışında COP29-a ev sahibliyi edən ölkəmizə ünvanlanan tənqidlərə sərt cavab verdiyi vurğulanıb. Dövlət başçısının təbii sərvətlərin Tanrının bəxş etdiyi hədiyyə olduğunu vurğuladığı bildirilib.
Ətraflı Baku TV-nin süjetində:
Nüfuzlu media resursları Azərbaycanın COP29 uğurunu bu cür işıqlandırır – Bizdən nə danışırlar?