UEFA Millətlər Liqasında VI turun ikinci oyun günündə doqquz qarşılaşma baş tutub.
Oxu.Az xəbər verir ki, A Liqasının IV qrupunda lider İspaniya aşağı liqaya düşəcəyi öncədən bəlli olan autsayder İsveçrəni qəbul edib.
Görüş gərgin mübarizə ilə yadda qalıb. Qol duelini xatırladan matçda ev sahibləri son saniyələrdə qələbə qazanıblar – 3:2.
İspanlar 16 xalla qrupun zirvəsində, İsveçrə isə cəmi 2 xalla son pilləsində qərarlaşıb.
Digər qarşılaşmalarda Polşa Şotlandiyaya uduzub – 1:2. Serbiya – Danimarka görüşündə hesab açılmayıb – 0:0. Xorvatiya isə Portuqaliya ilə heç-heçə edib – 1:1.
Həmçinin Bolqarıstan – Belarus (1:1) və Lüksemburq – Şimali İrlandiya (2:2) matçlarında da qalib müəyyənləşməyib. Kosovo Litvadan üstün olub – 1:0.
Rumıniya Kipri darmadağın edib – 4:1. San-Marino isə qonaq meydançada Lixtenşteyni məğlub etməklə milli komanda tarixindəki ilk səfər qələbəsini qazanıb – 1:3.