Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasından baş nazir postuna yenidən İrakli Kobaxidze namizəd olacaq.
Oxu.Az-ın “Sputnik Gürcüstan”a istinadən xəbərinə görə, bu barədə Gürcü Arzusu Partiyasının icraçı katibi Mamuka Mdinaradze siyasi şuranın iclasından sonra məlumat verib.
“Bildiyiniz kimi, bizim nizamnaməyə əsasən, partiyanın fəxri sədrinin baş nazir vəzifəsinə namizəd irəli sürmək səlahiyyəti var və Bidzina İvanişvilinin İrakli Kobaxidzeni prezidentliyə namizəd kimi təqdim etməsi o qədər də təəccüblü olmayacaq. Və təbii ki, siyasi şura onu tam şəkildə dəstəklədi”, – deyə Mdinaradze bildirib.
Parlament sədri postuna namizədə gəlincə, Mdinaradzenin sözlərinə görə, “Gürcü Arzusu” fraksiyası yenidən qanunverici orqanın hazırkı rəhbəri Şalva Papuaşvilinin namizədliyini irəli sürəcək.
Mdinaradze qeyd edib ki, siyasi şuranın iclasında, həmçinin, prezident seçkisinin tarixinin müəyyən edilməsi məsələsi də müzakirə olunub.
“Siz də bilirsiniz ki, prezident seçkisi parlamentin ilk iclasından sonra keçirilməlidir. Biz bu tarixi də yaxın günlərdə, Gürcüstan parlamentində ilk iclasın keçiriləcəyi vaxt müəyyən edəcəyik”, – deyə Mdinaradze əlavə edib.