Bundesver (Almaniya Silahlı Qüvvələri) Rusiya ilə hərbi qarşıdurma halı üçün məxfi plan hazırlayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti məlumat verib.
Bildirilib ki, 1000 səhifəlik “Almaniya” əməliyyat planında xüsusi mühafizəyə layiq olan bütün infrastruktur obyektləri sadalanır və NATO-nun şərq cinahında Rusiyanın çəkindirmə tədbirləri, yaxud müdafiə halında fəaliyyət qaydaları əks olunub.
Planda qeyd olunub ki, bu halda Almaniya şərqə köçürülən 10 minlərlə, bəlkə də 100 minlərlə hərbçinin, hərbi əmlakın, ərzaq ehtiyatlarının və dərmanların cəmləşmə mərkəzinə çevriləcək.
Qeyd edək ki, Almaniya müdafiə naziri Boris Pistorius cari il ərzində dəfələrlə Rusiya ilə hərbi münaqişəyə hazır olmağın vacibliyini bildirib (alman hərbçilərin sözlərinə görə, bu, beş ildən sonra baş verə bilər).