“Karbon bazarının yaradılması ekoloji bütövlüyün təmin edilməsi üçün prioritetdir”.
“Report” xəbər verir ki, bunu Braziliyanın ətraf mühit və iqlim naziri Marina Silva COP29-un bağlanış plenar iclasının birinci hissəsinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
“6.2 və 6.4-cü maddələr mürəkkəb və yüksək texniki sənədlərdir ki, onlar həm də bir çox ölkələrin milli qanunvericiliyinin aspektlərini əhatə edir. Bu, heç vaxt alver predmeti kimi qəbul edilməyib: karbon bazarının yaradılmasını təkcə inkişaf etmiş deyil, həm də bir çox inkişaf etməkdə olan ölkələr dəstəkləyib. Beləliklə, bu təşəbbüs çoxsaylı ölkələr üçün ümumi vəzifəyə çevrilib. Müzakirə prosesi doqquz il davam edib – bu, həqiqətən uzun və çətin yol olub. Layihənin qəbulundan sonra səslənən alqışlar bütün iştirakçıların bu mərhələni başa çatdırmağa can atdığını aydın göstərdi. İndi biz irəli gedə, davamlı və ekoloji dayanıqlığı təmin edəcək karbon bazarı yarada bilərik. Bu, bizim əsas prioritetimiz olaraq qalır”, – nazir qeyd edib.
M.Silva, həmçinin qeyd edib ki, ötən həftə Braziliyada milli karbon bazarı təsdiqlənib.
Nazir vurğulayıb ki, onun reallaşdırılması ölkə Prezidenti Luis İnasiu Lula da Silvanın təsdiqindən sonra beynəlxalq karbon bazarının tətbiqi ilə paralel həyata keçiriləcək.
“Bu, ekoloji bütövlüyü təmin etməyə, beynəlxalq standartlara uyğun nəzarət mexanizmlərini yaratmağa imkan verəcək”, – deyə o əlavə edib.