Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?

Son vaxtlar avtomobil bazarında təkliflərin strukturu dəyişib. Bazara elektriklə işləyən, hibrid avtomobillər daxil olub. Bununla yanaşı, Azərbaycan avtomobil bazarına Çin avtomobillərinin də axını sürətlənib. Bu durum avtomobil almaq istəyənləri çətin seçim qarşısında qoyur. Maraqlıdır, müasir təklifləri nəzərə alaraq, avtomobil seçərkən nələrə diqqət etmək lazımdır? Hansı avtomobil daha səmərəli ola bilər?

“Kaspi” qəzeti bu kimi aktual suallara növbəti yazısında cavab axtarıb.

Avtomobili təyinatına görə seçmirik

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev “Kaspi” qəzetinə açıqlamasında bildirir ki, Azərbaycanda avtomobil seçiminə fərqli aspektdən yanaşılır. Avtomobili əsasən, təyinatına görə deyil, xarici görünüşünə görə seçirik: “Məsələn, böyük maşın alırıq, onu daha çox şəhərdaxili sürürük. Sonra tıxacdan narazılıq edir, dayanacaqda yer tapa bilməməyə görə deyinirik. Yaxud “benzini çox içir” deyirik. Əslində isə avtomobili təyinatına görə almalıyıq. Şəhərdaxili gündəlik istifadə etmək istəyən alıcı əgər şarj etmək imkanı varsa, elektrik mühərrikli avtomobili rahatlıqla ala bilər. Yaxud, gün ərzində avtomobildən çox istifadə edən, amma hər dəfə şarj etməyə vaxtı olmayan sürücü əgər sərfəli avtomobil istəyirsə, hibrid əldə edə bilər”.

Əsas interyer, eksteryer deyil

Mütəxəssis vurğulayır ki, avtomobil seçərkən diqqət etməli olduğumuz əsas məqamlar interyer, eksteryer deyil, digər nüanslardır: “Əvvəlcə baxmalıyıq ki, bunun ehtiyat hissələri varmı, servis xidməti hansı səviyyədədir və ən əsası – avtomobili kimdən alırıq? Təəssüflər olsun ki, son zamanlar vətəndaşlar əksər hallarda fərdi şəxslərin gətirdiyi avtomobilləri almağa meyilləniblər. Qiymətə aldanırlar, nə zəmanət əldə edirlər, nə də servis xidməti. Sadəcə, avtomobili rəsmi salondan 3-4 min manat ucuz başa gəldiyi üçün alır, amma çox vaxt uduzurlar. Biz mütləq şəkildə avtomobilə olan yanaşmamızı dəyişməliyik. Məsələn, şəhərdə baxırıq ki, gənc xanımlar kifayət qədər böyük, 4-5 mühərrik həcmi olan avtomobillər sürürlər. Əgər avtomobildən ancaq şəhərdə istifadə edirsənsə, ailə tərkibi də geniş deyilsə, yaxud ailədə ikinci maşındırsa, 1,5-2 mühərrik həcmi kifayət edir. Ona görə də təyinatı üzrə istifadəsinə görə seçməliyik. “Biz nə istəyirik, bizə nə lazımdır” sualına cavab tapdıqdan sonra seçim etməliyik”.

Bazarı zəbt edən Çin avtomobillərinə gəldikdə isə, E. Əliyev bildirir ki, hazırda Azərbaycanda 25-26 növdə rəsmi Çin avtomobil brendləri var: “Qeyri-rəsmilər də az deyil. Bu tendensiya ən azı yaxın 2-3 il də belə davam edəcək”.

20 min manata elektriklə işləyən avtomobil ala bilərik?

Qiymətlərə gəldikdə isə, mütəxəssis vurğulayır ki, hazırda bazarda hər büdcəyə uyğun elektriklə işləyən və hibrid avtomobillər mövcuddur: “Elektriklə işləyən avtomobillər dəbə düşməyə başlayanda bizə daha çox yüksək qiymətli, bahalı avtomobillər gətirilirdi. Dövlətin bu sahədə tətbiq etdiyi güzəştlər, xüsusilə gömrük rüsumu və ƏDV-nin ləğvindən sonra qiymətlər də, bu avtomobillərə olan ümumi baxış da dəyişdi. Rəsmi dilerlər tərəfindən ölkəyə qiymətləri 20 min manatdan 100-200 min manata qədər dəyişən elektrik mühərrikli avtomobillər gətirilməyə başlanıldı. Hazırda alıcılar 20-21 min manatdan başlayan qiymətlərlə elektriklə işləyən avtomobilləri ala bilərlər. Sözsüz ki, büdcə qalxdıqca avtomobilin şarj tutumu, məsafə qət etməsi, komfort parametrləri də dəyişir”.

Bazarda uyğun qiymətə yetərincə seçim var

Hibridlərə gəlincə, yeni hibrid avtomobillərin qiymətləri elektriklə işləyənlərdən bir az bahadır: “Amma yeni avtomobil istədikdə, bu gün bazarda, yerli istehsalı da əlavə etsək, 22-23 min manatdan başlayan qiymətlərlə avtomobil almaq mümkündür. Əlbəttə ki, burada seqment fərqinə görə qiymətlər dəyişir. Bazarda təkliflər çoxdur, 23-33 min manat arası kifayət qədər avtomobil var. Hazırda bu qiymətlərə olan avtomobillərə tələbat çoxdur. Çünki taksilərlə bağlı yeni qaydalar, utilizasiya bu maşınlara tələbatı artırıb. Bu amilləri nəzərə alsaq, yetərincə seçimlər var”.

Avropa brendlərinin satışı demək olar ki, dayanıb

Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, hazırda Çin avtomobilləri Avropa brendlərindən beş dəfə ucuzdur: “Müasir dövrdə bütün dünyada elektrikli və hibrid avtomobillərə üstünlük verilir. Çünki həm sərfəlidir, həm də qiyməti münasibdir, eyni zamanda qənaətcildir. Hazırda Çin istehsalı olan avtomobillərə daha çox tələbat var. Avropa brendlərinin elektrik və hibrid avtomobilləri həddindən çox bahadır. Digər daxili yanma mühərrikli avtomobillərin satışı demək olar ki, tamamilə dayanıb”.

Mütəxəssislər deyir ki, avtomobil seçərkən aşağıdakı amillər nəzərə alınmalıdır:

– Əgər siz şəhər içində və ya qısa məsafələr üçün avtomobil axtarırsınızsa, elektriklə işləyən və ya hibrid avtomobillər sərfəli ola bilər. Uzaq məsafələr üçün isə hibridlər və ənənəvi yanacaqla işləyən avtomobillər daha praktikdir.

– Texniki xidmət və ehtiyat hissələrinə gəldikdə isə, ənənəvi və Çin avtomobilləri üçün texniki xidmət məntəqələri daha genişdir. Elektrikli avtomobillər üçün isə xüsusi şarj məntəqələri və təmir mərkəzləri lazım ola bilər. Çin avtomobilləri və hibrid modellər ənənəvi avtomobillərdən daha qənaətcildir, lakin ilkin olaraq daha bahalı ola bilər. Elektrikli avtomobillər isə uzunmüddətli investisiya baxımından qənaətli ola bilər, amma ilkin qiymət yüksəkdir. Əgər siz ekoloji təmizliyə və yanacaq qənaətinə üstünlük verirsinizsə, hibrid və ya elektriklə işləyən avtomobil yaxşı seçimdir.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More