Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla, konkret nəticə ilə başa çatdı. Belə ki, COP29-da əldə olunan razılaşmaya görə, zəngin ölkələr iqlim dəyişikliyinə hazırlaşmaq və onun qarşısını almaq üçün kasıb ölkələrə hər il 300 milyard dollar verəcəklər. Bu, COP29-un ən mühüm uğuru oldu.
Ümumilikdə Azərbaycanın sözügedən beynəlxalq tədbirə ev sahibliyi yüksək qiymətləndirildi. Bununla belə, qərəzli mövqelər də az olmadı. Hələ COP29 başlamazdan əvvəl Azərbaycanın bu beynəlxalq tədbirə ev sahibliyinə kölgə salmaq istəyənlər qeyri-obyektiv ritorikalarını hələ də davam etdirməkdədirlər.
Belə ki, Ermənistandan sonra Azərbaycana gələn Almaniyanın xarici işlər naziri Annalena Berbok mətbuat konfransı keçirərək gündəmə uyğun olmayan bəyanatlarla çıxış etdi. O açıqlamaları ilə COP29-u sözün əsl mənasında siyasiləşdirdi.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev almaniyalı nazirin COP29-la bağlı mövqeyini “qəbulediməz” adlandırdı.
Maraqlıdır ki, hətta Almaniyadan olan mütəxəssislər də A.Berbokun fikirləri ilə razılaşmadıqlarını açıq şəkildə bildirdilər. Bu baxımdan, Almaniya müdafiə nazirinin keçmiş müavini və ölkənin enerji üzrə tanınmış ekspertlərindən olan Fridbert Pflügerin “Anewz” kanalına müsahibəsində səsləndirdiyi fikirlər səciyyəvidir.
O, A.Berboku ciddi formada tənqid edib: “Berbok Bakıya qısa səfəri zamanı bu fürsətdən seçki kampaniyasına başlamaq üçün açıq şəkildə istifadə edib və COP sədrliyi barədə qeyri-adi, birbaşa hücum edərək onun “inkişaf etməkdə olan ölkələrin ayağının altından xalçanı çəkmək istədiyini” iddia etdi. Bu, ciddi narazılığa səbəb oldu. Yekun nəticələr onun tənqidinin nə qədər ədalətsiz olduğunu göstərir”.
Əslində, Bakıda COP29 çərçivəsində, doğrudan da, çox ciddi uğur əldə edilib. Özü də nəzərə almaq lazımdır ki, Bakıda konsensus Avropanın “öz yaxasını kənara çəkdiyi”, liderlik nümayiş etdirə bilmədiyi və dünyada çox ciddi qütbləşmələrin baş verdiyi bir vaxtda əldə olundu. Başqa sözlə desək, ayrı vaxt bir-biriləri ilə yola getməyən dünya dövlətləri Bakıda kompromisə nail oldular. Bu, Azərbaycanın COP29-a layiqli ev sahibliyinin ən bariz nümunələrindəndir.
Almaniyalı nazirin Bakıda mətləbdənkənar məsələlərə toxunaraq bir növ diqqəti COP29-dan yayındırmaq cəhdlərinə gəldikdə isə bildirməliyik ki, bu, Qərbin ikiüzlülüyünün birbaşa təzahürüdür. Belə ki, dünyanın bir çox regionunda müharibələrə səbəb olan Qərb dövlətləri, o cümlədən Almaniya özü fərqli silahların tətbiqinə, kütləvi aclığa səbəb olmaqla bəşəriyyətə qəsd edirlər.
Bu, onu göstərir ki, eynilə Fransa kimi Almaniyanı da nə bəşəriyyətin gələcəyi, nə də iqlim problemləri düşündürür. Onların yeganə qayğıları Yer kürəsindəki gərginliklərin artması ilə bağlıdır. Elə buna görə də COP29-u və onun nəticəsini qiymətləndirmək əvəzinə, bu böyük beynəlxalq tədbirə etinasız yanaşdılar.
İnkişaf etmiş ölkələrin, o cümlədən Qərbin addımlarının iqlim böhranlarına səbəb olması COP29-da da geniş müzakirə olundu. Yəni Almaniya kimi dövlətlər hər nə qədər məsuliyyətdən yayınmağa çalışsalar da, faktdan kənara çıxa bilməzlər.
Son olaraq, Almaniya, Fransa kimi dövlətlərin bütün təxribatçılıq səylərinə baxmayaraq, Azərbaycan COP29-a uğurlu ev sahibi kimi artıq tarixə düşdü. Dünyanın 160-dan çox ölkəsindən 70 mindən çox insanın Bakıya gəlməsi onların Azərbaycana marağının, inamının təzahürüdür. Almaniya kimi dövlətlər nə qədər istəsələr də, çalışsalar da, reallığı dəyişə bilməzlər.
“Report” İnformasiya Agentliyi