“Azərbaycan bu gün dünyanın enerji təhlükəsizliyində və davamlı enerji təminatında etibarlı tərəfdaşa çevrilib”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bu ilin yanvar-oktyabr aylarında xarici bazarlara qaz satışı 20.7 milyard kubmetr təşkil edib, bu da, 2023-cü ilin eyni dövrünə nisbətən 4.6% çoxdur: “Nəticədə bölgənin və Avropanın 12 ölkəsinə Azərbaycan qazı ixrac olunacaq”.
M.Cabbarov vurğulayıb ki, Azərbaycanda yaşıl enerji keçidi strategiyası da uğurla həyata keçirilməkdədir:
“Alternativ energetikanın inkişafı məqsədilə bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq bağlanmış müqavilələrə əsasən 2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması nəticəsində 2 min meqavat gücündə enerji istehsalı mümkün olacaqdır ki, bu, 2027-ci ildə ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 33%-ə çatdırmağa imkan verəcək”.