“Zeyd” Döyüş Mərkəzi ilə MMA və Qrapplinq Federasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

24 noyabr 2024-cü il tarixində Bakı İdman Sarayında “Zeyd” Döyüş Mərkəzinin (Zeyd Fight Center-ZFC) geniş tərkibdə iclası keçirilib. İclasda ZFC-nin İdarə Heyətinin üzvləri, MMA və digər döyüş növləri üzrə klub rəhbərləri, məşqçilər, idmançılar və media nümayəndələri iştirak ediblər.

Oxu.Az-ın məlumatına görə, tədbirdə ZFC tərəfindən qrapplinq döyüş növü üzrə Qazaxıstanda keçirilən dünya çempionatında yer tutan idmançılar mükafatlandırılıblar.

“Zeyd” Döyüş Mərkəzinin prezidenti Vüqar Tağıyev çıxış edərək, rəhbərlik etdiyi qurumun məqam və məqsədləri barədə qısa məlumat verib.

Azərbaycan MMA və Qrapplinq Federasiyasının (AMMAGF) prezidenti Azad Əsgərov rəhbərlik etdiyi qurumun fəaliyyətindən, ortaya çıxan problemlərdən, “Zeyd” Döyüş Mərkəzi ilə əməkdaşlıq planlarından danışıb. Tədbirdə iştirak edən Gənclər və İdman Nazirliyinin nümayəndəsi “Zeyd” Döyüş Mərkəzinə fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra “Zeyd” Döyüş Mərkəzi ilə MMA Federasiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, hər iki qurum MMA döyüş növünün inkişafı, uşaqların, yeniyetmə və gənclərin idmana cəlb edilməsi, yerli və beynəlxalq yarışların təşkili və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib-hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı əməkdaşlıq əsasında fəaliyyət göstərəcək.

Anlaşma Memorandumunun imzalanmasından sonra Qazaxıstanın paytaxtı Astanada keçirilən qrapplinq döyüş növü üzrə dünya çempionatında ölkəmizi təmsil edərək yüksək nailiyyətlər qazanan idmançılar “Zeyd” Döyüş Mərkəzinin rəhbəri Vüqar Tağıyev tərəfindən mükafatlandırılıblar.

Tədbirin davamında perspektiv planlar, yeni təkliflər, ortaya çıxan problemlər müzakirə olunub, federasiya və mərkəzin rəhbərliyi tərəfindən məşqçilərin və idmançıların sualları cavablandırılıb.

Sonda ZFC-nin 2025-ci il üçün görəcəyi tədbirlər üzrə təqvim planı elan olunub. ZFC-nin rəhbəri Vüqar Tağıyevin sözlərinə görə, may ayına qədər iki yarışın keçirilməsi nəzərdə tutulub. O cümlədən 14-16 fevral 2025-ci il tarixlərində ZFC-nin ilk açıq çempionatının keçiriləcəyi elan olunub. Bu məqsədlə ZFC-nin prezidenti Vüqar Tağıyev tərəfindən təşkilat komitəsi yaradılıb. Komitəyə ZFC-nin 1-ci vitse-prezidenti Y.Hüseynov rəhbər təyin olunub.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More