İtaliya əhalisi qorxu içində: Mafiya qruplaşmaları arasında müharibə başlayır?

İtaliyada itkin düşən və axtarışda olan mafiya liderinin oğlu Antonio Strangionun yandırılmış qalıqları öz avtomobilində tapılıb.

Bu barədə Oxu.Az “TRT Haber”ə istinadən xəbər verir.

İtaliya polisi avtomobildə yanmış sümüklər, boyunbağı və dişlər aşkar edib, qalıqların kimə aid olduğunu müəyyən etmək üçün araşdırmalara başlayıb.

Lakin “Barbarlar” adlandırılan “Ndrangeta” qruplaşmasına rəhbərlik edən ailə bunun oğulları Antonionun qalıqları olduğunu iddia edərək, onun öldüyü barədə bəyanat yayıb.

“Strangio və Skalia ailələri olaraq hər kəsə təşəkkür edirik. Lakin başsağlığı üçün ziyarətçiləri qəbul etməyəcəyimizi bildiririk”, – deyə ailə dərc edilən elanda bildirib.

Məlumata görə, bu hadisədən sonra dünyanın ən güclü mütəşəkkil cinayətkar dəstələrindən biri kimi tanınan “Ndrangeta” qruplaşmasının İtaliyada yenidən müharibəyə başlama ehtimalı yerli əhalini qorxuya salıb.

Son on ildir polisin mühafizəsi altında yaşayan italyan jurnalist Mişel Albanese xəbərdarlıq edib ki, Strangionun sui-qəsdə qurban getdiyi təsdiqlənərsə, İtaliya yenidən “cəhənnəmə” dönəcək.

“Bu ailələr “Ndrangeta” qruplaşmasının başında dururlar. Bu səbəbdən də əhali arasında narahatlıq yaranıb. Hələ ki ölümün arxasındakı sirr pərdəsi aralanmayıb, amma ən azından, cəmiyyət yenidən qorxuya sürüklənib”, – deyə Albanese qeyd edib.

Jurnalist, həmçinin, İtaliyanın bəzi yerlərində qan düşmənçiliyinin hələ də davam etdiyini vurğulayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More