İtaliya G7 müttəfiqləri arasında kompromis əldə etməyə və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC – BCM) İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə dair orderin icrasını Yaxın Şərq münaqişəsi bitənə qədər dayandırmağa çalışır.
Oxu.Az xəbər verir ki, bu barədə İtaliyanın “Il Messaggero” nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu məsələdə G7 ölkələrinin mövqeləri fərqlidir.
“Birləşmiş Ştatlar Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımadığını elan etsə də, misal üçün, Böyük Britaniya BCM qarşısında götürdüyü öhdəlikləri rəhbər tutacağını bildirib”, – mənbə yazır.
Qəzet xatırladır ki, İtaliya BCM-in qərarlarını dəstəkləyir, lakin hesab edir ki, qərar hüquqi cəhətdən əsaslandırılmalı və siyasi çalarlara malik olmamalıdır. Bu səbəbdən İtaliya Fələstinlə münaqişə sona çatana qədər əmrin icrasını dayandırmağa çalışır.