Rusiyaya işləməyə gedən azərbaycanlıların NƏZƏRİNƏ: Ailə üzvləri ilə bağlı qadağalar gəlir

Rusiyada deputatlar əcnəbi işçilər üçün qaydaları sərtləşdirən düzəlişlər hazırlayıblar.

Oxu.Az-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, əmək miqrasiyasının tənzimlənməsi ilə bağlı qanun layihələri paketi “Ədalətli Rusiya – Həqiqət uğrunda” (SRZP) partiyasının lideri Sergey Mironovun rəhbərliyi ilə hazırlanıb.

Yeni qanun layihəsi sərt məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Məsələn, miqrantlara ailə üzvləri də daxil olmaqla yaxın qohumlarını yanına aparmaq qadağan ediləcək, həmçinin ixtisassız miqrantlar üçün daimi yaşayış icazəsi və vətəndaşlıq verilməyəcək.

Bundan başqa, əcnəbi işçilərin Rusiya ərazisində qalma müddəti əmək müqaviləsinin müddəti ilə məhdudlaşdırılacaq. Müqavilə başa çatdıqdan sonra işəgötürən miqrantın ölkədən çıxmasını təmin etməlidir. Müqavilənin vaxtından əvvəl ləğvi halında bu öhdəlik yenə də işəgötürənin üzərində qalır.

Deportasiya halları da daxil olmaqla geri qayıtmanın maliyyələşdirilməsi üçün işəgötürənlər xüsusi depozitdə vəsait yerləşdirməli və ya bank zəmanəti təqdim etməlidirlər. Bu vəsaitlər işçinin vətəninə qayıtması ilə bağlı bütün xərcləri əhatə etməlidir.

Qanun layihəsində əcnəbi vətəndaşlar üçün imtahanların keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Müşayiətedici sənədlərdə göstərilib ki, rus dili, Rusiya tarixi və qanunvericilik əsasları üzrə test keçirən təşkilatlara bu imtahanların keçirilməsi hüququnu üçüncü şəxslərə və ya fərdi sahibkarlara ötürmək qadağan edilir.

Qanun layihəsinin ayrıca bəndi əmək miqrantlarının yaşayışına aiddir. Onlara yalnız xüsusi təşkil edilmiş qapalı əmək qəsəbələrində yaşamağa icazə veriləcək. Onların yaradılması və saxlanması ilə bağlı bütün xərcləri işəgötürənlər öz üzərinə götürməlidirlər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More