Rüstəm Qaraxanlı yazır…
Respublikaçı senator Lindsi Qrem hesab edir ki, Rusiya-Ukrayna müharibəsi başlanan ilk gündən ABŞ-nin Kiyevə etdiyi hərbi yardımın pulunu ödəməyin vaxtı çatıb. Ukraynanın o qədər maddi imkanları olmadığından, “borc”u təbii ehtiyatları ilə qaytara bilər. Təbii ehtiyatlar, yaxud faydalı qazıntılar Ukraynada həqiqətən də çoxdur. Məsələn, nadir minerallar səthi qiymətləndirməyə görə 2,7 trilyon dollar həddindədir. Odur ki, senator Qremin sözlərinə görə, ABŞ Ukraynaya bu müharibədə “kömək etməlidir”. Ancaq bu “kömək” fərqli köməkdir…
Donald Trumpın yenidən ABŞ prezidenti seçilməsindən sonra Ukraynadakı müharibədən az-çox anlayışı olan hər kəsi maraqlandıran “Trampın Baydendən fərqi nə olacaq?” sualının cavabını respublikaçı senatorun bu açıqlamasında axtarmaq lazımdır. Təfərrüata varmadan gəlinəcək qısa nəticə budur: Trampla Baydenin fərqi ondadır ki, yeni prezident göndərilən silah-sursatın pulunu istəyəcək. Üzeyir bəy klassikasında olduğu kimi, hamama söz yoxdur, ancaq pulunu kim ödəyəcək?
Silah da bütün digər məhsullar kimi satılmaq və istifadə edilmək üçün istehsal olunur. Ukrayna ABŞ hərbi sənayesinin məhsullarından yararlanan yeganə ölkə deyil, elə həmin Avropanın özü bu müstəvidə Vaşinqtondan çox asılıdır. E5-i formalaşdıran Britaniya, Almaniya, Fransa, İtaliya və Polşa NATO-nun müdafiə xərclərinin ÜDM-in 3 faizlik həddində olması barədə razılıq əldə ediblər. Trampın ilk hakimiyyəti ərzində Avropadan istədiyi də məhz bu idi. Təhlükəsiz yaşamaq istəyirsiniz, bir zəhmət, haqqını ödəyin. Ödəmək istəyirsinizsə, pulunuz olmalıdır. E5-in birgə bəyanatında təsadüfən deyilmir ki, Ukraynaya kömək etməliyik, ancaq öz təhlükəsizliyimiz daha üstündür.
Ukraynanın dünya xammal bazarında önəmi olduqca böyükdür. Məsələn, Afrika üçün qida tədarükünün 50 faizi Ukraynanın payına düşür. Senator Qrem də hesab edir ki, ölkəsi Ukraynanı Rusiyanın işğalından qorumalıdır, ancaq bir şərtlə: əvəzini qaytarmaq lazımdır, özü də çox gecikdirmədən. “Tramp elə bir razılıq əldə etmək istəyir ki, pullarımız geri qayıtsın, faydalı qazıntılarla varlanaq. Bu, həm bizim üçün, həm də Ukrayna üçün yaxşı razılaşmalıdır” – deyə respublikaçı bildirib.
ABŞ-nin ənənələşmiş siyasi sistemi hakimiyyət dəyişikliyi nəticəsində xarici siyasətdə köklü fərqi istisna edir. Metodlar, vasitələr dəyişilə bilər, siyasət isə çətin. Əgər Buşlar Yaxın Şərqi açıq hərbi intervensiya ilə işğal edirdilərsə, Qəddafinin “öz övladımız” saydığı Obama bunu daha qanlı yolla – “Ərəb baharı” adını almış zəncirvari vətəndaş qırğınlarını stimullaşdırmaqla reallaşdırdı. Ona görə də Trampın gəlib Rusiyaya boyun əyib geri çəkiləcəyinə inanmaq sadəlöhvlüyün ən qatı təzahürüdür. Tramp həyatda hər şeyini bizneslə qazanmış uğur ekvivalentidir. ABŞ-nin verdiyi borcları ondan yaxşı kim artıqlaması ilə geri qaytara bilər? O, bu kontekstdə demokratlar üçün də bir xilas simvoludur, yol verdikləri bədxərcliyi arada qaldırmaq baxımından. Tramp respublikaçıların namizədi olsa da, böyük ölçüdə heç bir siyasi-ideoloji çərçivələrə sığmayan siyasətçidir. Onun hakimiyyəti illərinə baxışı seçki şüarında aydın əks olunur: Amerikanı yenidən güclü edək. Odur ki, iş adamı olan prezident ölkəsinin ən son sentini geri almaq üçün bütün imkanlara əl atacaq. Keçmiş iş adamı olmur, biznesmen elə həmişə biznesmendir…
“CBC NEWS”un keçirdiyi sorğuya görə, amerikalıların 51 faizi Ukraynaya hərbi yardımın dayandırlmasından yanadır. 49 faiz isə hesab edir ki, yardım davam etməlidir. Ancaq 69 faiz həm də bu qənaətdədir ki, Ukraynaya yardımın azaldılması yollarının axtarılması Tramp hakimiyyətinin prioritet vəzifəsi olmalıdır. Sorğunun nəticələrini sadə dilə tərcümə etdikdə senator Qremin dedikləri alınır. “Yardımın azaldılması yollarının axtarılması” “borcunuzu qaytarın”ın elektoral ifadəsidir. Borclu borclunun sağlığını istədiyindən, Tramp hakimiyyətinin müharibəyə yanaşması respublikaçı Qremin dediyi kimi, “Ukraynaya kömək etmək”dən ibarət olmalıdır…
Bu dünyada heç bir dövlət digərinə müftə heç nə vermir. Hətta Fransa belə “kiçik bacı”sı Ermənistana silahı pulla satır. II Dünya müharibəsindən sonra ABŞ bu mexanizmi püxtələşdirərək ən ideal formaya salıb: əlində-ovucunda nefti, qazı, faydalı qazıntıları olan, politkorrektlik naminə “az inkişaf etmiş”, yaxud “inkişafda olan” dövlət adlandırılan ölkə üçün kredit kisəsini açıb borclandırmaq, bir qədər sonra isə əvəzini faizlə istəmək. Neftlə zəngin olan Ekvadorun boğazı ötən əsrin 80-ci illərində bu məngənəyə necə salınıbsa, hələ də qurtula bilmir. Ölkədə hasil olunan neftdən gələn gəlirlərin 75 faizi ABŞ-dən və iri maliyyə korporasiyalarından alınan kreditlərin faizlərinin bağlanmasına sərf olunur. Yerdə qalan pul isə ordu, polis və bürökratik aparatın saxlanmasına. Sosial, təhsil kimi ehtiyaclara isə cəmi-cümlətanı 2-3 faiz. Odur ki, Ukrayna üçün müharibə hələ indi başlayır…