Dünyada avtomobillə qayalı dağlar, vəhşi meşələr və sərt sahillər boyunca səyahət üçün 10 ən yaxşı marşrut məlum olub.
Oxu.Az-ın məlumatına görə, həyatda bir dəfə görülə biləcək ən maraqlı marşrutların siyahısını “Conde Nast Traveller” bloqu tərtib edib. Onları təqdim edirik.
Blu-Ric parkvey, ABŞ
750 km uzunluğunda olan səyahət Aftondan Çerokiyə qədər uzanır. Sürücülər Virciniya və Şimali Karolinanın qayalı təbiəti və meşələri boyunca uzanan mənzərəli marşrutdan həzz ala bilərlər. Yol adını dağların maviyə çalan rəngindən alıb. Marşrut ilin istənilən vaxtı heyranedici olsa da, payızda xüsusilə gözəl olur.
Böyük Sen-Bernar keçidi, İtaliya
Bu yol turistləri İtaliyadan İsveçrəyə aparır. “İtalyansayağı soyğun” filminin ilk səhnəsində “Lamborghini”nin Böyük Sen-Bernar keçidindən keçdiyi mənzərəli marşrut göstərilir. Bəzi sürücülər üçün demək olar ki, toxunulmamış marşrutla getmək həm qorxuducu, həm də heyrətamiz ola bilər. Yol boyunca sizi sərt uçurumlar, kəskin döngəli əyri-üyrü yollar və dar tunellər gözləyir.
Karratera Austral, Çili
Burada macəra həvəskarları Puerto-Monttdan Pataqoniyadan Villa Ohigginsə qədər öz yollarını müəyyən edə bilərlər. Turistlərə ən yaxşı mənzərələrdən həzz almaq üçün Cənubi Amerikanın vəhşi təbiətinə oktyabrdan aprelə qədər səyahət etmək tövsiyə olunur. Marşrut Santa Lusiya, Hoykaq və Torteldən keçir və Villa Ohigginsdə başa çatır.
Şimali Sahil 500, Şotlandiya
Britaniyada da Şotlandiyanın Şimal Sahili 500 avtomobil səyahətinə çıxaraq, eyni dərəcədə heyrətamiz mənzərələrdən həzz almaq olar. Sürücülər və sərnişinlər sərt dağları, qumlu çimərlikləri və qəribə ucqar kəndləri görəcəklər. Onlar Qara ada, İster Ross, Keytness və ən şimal nöqtəsi olan John Oqroutsdan keçəcəklər. Sonra marşrut qərb sahilinə geri dönür və Sazerlend, Uester-Ross keçərək yenidən İnvernessə qayıdır.
Vayanad Ghat yolu, Hindistan
Burada dağlıq ərazidən keçən nəfəskəsici döngələr və Qərbi Qat meşəsindən keçən marşrutlar var. Turistlər dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşən Thamarasseri Çuram dağ keçidindən keçə bilərlər. Yol boyunca onlar gözəl şəlalələrdə çimmək və heyrətamiz cığırlarla gəzintiyə çıxmaq üçün dayana bilərlər.
Yapon Alp dağları
Ən yaxşı onluğa daxil olan digər səyahət Kiotodan Tokioya uzun səyahətdir. Yola çıxanlar dağlardakı isti bulaqları olan yapon spa mərkəzləri olan onsenlərdə dayana və məşhur görməli yerləri ziyarət edə biləcəklər. Yol boyunca samuray şəhəri Matsumoto, tarixi Karuizava şəhəri və nəhayət, Tokionun özünü görəcəksiniz.
Atlantik yolu, Norveç
Moldedən Gyemnessundbrua körpüsünə qədər olan bu yol Norveçlə tanış olmağın ən yaxşı yollarından biri hesab edilir və sizi məyus etməyəcək. Adından göründüyü kimi, sürücülər Atlantik okeanının möhtəşəm mənzərələrindən həzz ala biləcəklər. Qışda güclü fırtınalar ola biləcəyindən təəssüratlar səyahətə çıxdığınız mövsümdən asılı olaraq çox fərqli olacaq.
Cənubi Yuta Milli Parkları marşrutu, ABŞ
ABŞ 66 saylı yolu ilə məşhurdur, lakin həqiqi macəra həvəskarları bilirlər ki, Cənubi Yuta Milli Parkları marşrutu siyahıya əlavə edilməli olan bir şeydir. Səyahətçilər Cənubi Yutanın səhra mənzərələrindən həzz ala biləcəklər. Onlar Kanyonlends Milli Parkı, Grand Sterkeys-Eskalant Milli Abidəsi, Kapitoliy – rif Milli Parkı, həmçinin Brays Kanyon və Zayon Milli Parklarını görə biləcəklər.
Panorama marşrutu, Cənubi Afrika
Səyahət Hoedsprutdan Pilgrims Restə qədər uzanır və Drakensberg yamacını keçir. Səyahətçilər “Tanrının pəncərəsi” adlandırılan Blayd çayı kanyonunda dayanacaqlar. Onlar, həmçinin məşhur Kruger Milli Parkını və CAR-ın Mozambik ilə sərhədində yerləşən Lebombo dağlarını görə biləcəklər.
Böyük Okean yolu, Avstraliya
Onluğu Avstraliyadakı Böyük Okean yolu tamamlayır. Marşrut Melburndan “12 Həvari qayaları”na qədər uzanır və sürücüləri başlanğıc nöqtəsinə qaytarır. Yol Torkidən başlayır və sahil boyunca Port Kempbellə qədər uzanır.