“NATO Ukraynanı alyansa dəvət etməyi deyil, yalnız Kiyevi silahla təmin etməyi müzakirə edir”.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri NATO-nun baş katibi Mark Rütte blok ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşü ərəfəsində mətbuat konfransında deyib.
O, alyans ölkələrinin xarici işlər nazirlərinin Kiyevi üzvlüyə dəvət etmək niyyətində olub-olmaları ilə bağlı jurnalistlərin sualını cavablandırıb.
“Biz bu iki gün də daxil olmaqla, hazırda ehtiyac duyulan şeyə diqqətimizi cəmləməliyik: Ukraynaya hərbi yardımın çatdırılması. Bu, onlar üçün son dərəcə vacibdir”, – deyə Rütte bildirib.
O bir daha vurğulayıb ki, bütün müttəfiqlər Ukraynanın gələcəyinin NATO-da olduğu fikri ilə razıdırlar.
“Vaşinqtonda keçirilən sammitdə müttəfiqlər razılaşdılar ki, Ukraynanın gələcəyi NATO-dadır, həmçinin, Ukraynanın NATO-ya gedən yolu dönməzdir”, – deyə o xatırladıb.
Rütte əlavə edib ki, alyans Kiyevi üzvlüyə yaxınlaşdırmağa çalışır.
“Bu, addım-addım baş verir”, – deyə o qeyd edib.
Xatırladaq ki, Ukrayna hakimiyyəti Kiyevin yaxın gələcəkdə NATO-ya üzv olmaq arzusunu dəfələrlə bəyan edib.