Sumqayıtda baş verən partlayış hadisələrinə görə KOMPENSASİYA ödənilməlidirmi?

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Sumqayıtda mənzildə və fərdi evdə baş verən partlayışların sığorta hadisəsi hesab olunduğunu bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə ASA-nın rəsmi açıqlamasında deyilir.

Qeyd olunub ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə və Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində baş verən partlayışlar nəticəsində müvafiq əmlaklarda ciddi zərər meydana gəlib.

“Müvafiq əmlakların sığortası varsa, həmin əmlakların sahibləri sığortalandıqları sığorta şirkətlərinə müraciət edə bilərlər. Nəticədə müvafiq hadisə sığorta hadisəsi kimi tanındıqdan sonra ödəniş əldə edə bilərlər.

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası respublika ərazisində məcburidir və bu sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Məlumat üçün bildirək ki, müvafiq qanunvericiliyə əsasən, respublika ərazisində yerləşən yaşayış əmlakları üç qrup üzrə sığortalanır. Belə ki, Bakı şəhərində yerləşən yaşayış əmlakları üzrə sığorta haqqı 50 manat, sığorta təminatı isə 25 min manata qədər, Gəncə, Sumqayıt, Naxçıvan şəhərlərində yerləşən yaşayış əmlakları üzrə sığorta haqqı 40 manat, sığorta təminatı 20 min manata qədər, respublikamızın digər ərazilərində yerləşən yaşayış əmlakları üzrə isə sığorta haqqı 30 manat, sığorta təminatı 15 min manata qədər təşkil edir.

Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq, vətəndaşlarımıza bildirmək istəyirik ki, bu kimi hadisələr gözlənilməzdir və qaçılmazdır. Məhz buna görə də bütün daşınmaz əmlak sahiblərini vaxtında sığortalanmağa çağırırıq”, – deyə açıqlamada vurğulanır.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More