Almaniyanın xarici işlər naziri Annalena Berbok mümkün atəşkəsə əməl edilməsi məqsədilə Ukraynaya alman qoşunlarının göndərilməsini istisna etməyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Die Welt” nəşri yazıb.
Berbok bəyan edib ki, Ukrayna və Rusiya arasında atəşkəs əldə ediləcəyi təqdirdə, Bundesverin əsgərlərindən sülhün təmin edilməsi üçün istifadə edilə bilər.
O həmçinin bildirib ki, Almaniya tərəfi sülhün bərqərar olmasına xidmət edə biləcək hər şeyi bütün gücü ilə dəstəkləyəcək.
Qeyd edək ki, Avropa ölkələri yenidən Ukraynaya qoşun və ya özəl hərbi şirkət döyüşçülərinin göndərilməsini müzakirə etməyə başlayıblar. Bu, Donald Trampın inaqurasiyasından sonra ABŞ-nin Kiyevi dəstəkləməkdən imtina etməsi ehtimalı ilə bağlıdır.
Eyni zamanda Avropa İttifaqı (Aİ) diplomatiyasının yeni rəhbəri Kaya Kallas bildirib ki, atəşkəs razılaşması əldə olunarsa, Avropa öz qoşunlarını Ukraynaya göndərə bilər. Bu halda Aİ-nin hərbi kontingenti sazişin şərtlərinin icrasına nəzarət edəcək.
Həmçinin Fransanın BMT-dəki hərbi missiyasının keçmiş rəhbəri, general Dominik Trinkvan da Qərb qoşunlarının yerləşdirilməsi imkanlarından danışıb.