“Bəşəriyyət heç vaxt nüvə silahından tam xilas ola bilməyəcək”.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə dünyada ilk atom bombasının yaradıcısı, əfsanəvi fizik Robert Oppenheymerin nəvəsi Çarlz Oppenheymer bəyan edib.
O, Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin tədbirində çıxış edib.
“Düzünü desəm, biz ondan heç vaxt xilas olmayacağıq. Mən qarşıma ondan xilas olmaq məqsədi qoymuşdum. Lakin bu işlə nə qədər çox məşğul oluramsa, bu, mənə o qədər mümkünsüz görünür”, – deyə o bildirib.
İxtirası tarixin gedişatını həmişəlik dəyişən alimin nəvəsi hesab edir ki, yaranmış vəziyyətdə aparıcı nüvə dövlətləri – Rusiya, Çin və ABŞ arasında əməkdaşlığın gücləndirilməsinə diqqət yetirmək daha praktikdir. Məhz konstruktiv dialoq, Çarlz Oppenheymerin fikrincə, gələcəkdə qlobal nüvə təhlükəsizliyinin təmin edilməsinin açarı ola bilər.
Qeyd edək ki, Çarlzın babası Robert Oppenheymer tarixə “atom bombasının atası” kimi daxil olub. Onun rəhbərliyi altında məxfi “Manhetten layihəsi” çərçivəsində dünyada ilk nüvə bombası yaradılıb və 1945-ci il iyulun 16-da Nyu-Meksiko ştatındakı poliqonda sınaqdan keçirilib. Bir aydan az müddətdə atom bombaları Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılıb və 200 mindən çox insanın həyatına son qoyub.