İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Zireh” MMC-ni dövlət qeydiyyatına alıb.
Oxxu.Az “Report”a istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus “Bakı Cihazqayırma Zavodu” MMC ilə eyni – Bakı şəhəri, Sabunçu rayonu, 18 oktyabr küçəsi, 106, nizamnamə kapitalı 6 milyon manat, qanuni təmsilçisi isə Abas Nazir oğlu Quliyevdir.
O, həm də adıçəkilən zavodun direktorudur.
“Zireh”in Müşahidə Şurasının üzvləri də açıqlanıb. Bunlar Fərahim Pərviz oğlu Hüseynzadə, MSN-in Maliyyə və uçot şöbəsinin müdir müavini Səbinə Rafiq qızı Mustafayeva, eləcə də nazirliyə məxsus “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin baş direktor müavini və baş maliyyə direktoru Orxan Aydın oğlu Yusibovdur.