Rusiya Daxili İşlər Nazirliyinin Mahaçqala üzrə İdarəsi respublika çempionatında rəqibinin masasına civə sürtən dağıstanlı şahmatçı Amina Abakarovaya qarşı cinayət işinin başlanmasından imtina edildiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Şahmat üzrə respublika çempionatında Abakarova Umayqanat Osmanovanın oynamalı olduğu masaya civə birləşmələri sürtüb.
Qeyd olunur ki, oyun zamanı Osmanovanın səhhəti pisləşib və ona tibbi yardım lazım olub. Bununla belə, başqa heç kim zərər çəkməyib.
“Onlar məni tibbi müayinəyə göndərdilər və bədən xəsarəti olmadığına görə onu cinayət məsuliyyətinə cəlb etmədilər”, – Osmanova qeyd edib.
O, həmçinin etiraf edib ki, Abakarova ondan üzr istəməyib və bu günə kimi rəqibinin hərəkətinin əsas səbəbini bilmir.