“2023-cü ilin iyulunda Qoşulmama Hərəkatı çərçivəsində Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelupa və Fransız Qvianası kimi müstəmləkə regionlarının nümayəndələrini birləşdirən Bakı Təşəbbüs Qrupu (BTQ) yaradıldı. BTQ-nin əsas missiyası beynəlxalq norma və prinsiplərə uyğun olaraq, müstəmləkəçiliyə və neokolonializmə qarşı ədalətli mübarizəni dəstəkləməkdir”.
Oxu.Az-ın xəbərinə görə, bu sözləri BTQ-nin icraçı direktoru Abbas Abbasov “Sen-Martendə Fransa və Niderlandın müstəmləkə hökmranlığı – bir ada, bir xalq, bir tale” adlı tədbirdə çıxışı zamanı deyib.
Təşkilatın fəaliyyətindən danışan Abbas Abbasovun sözlərinə görə, BTQ 2023-cü ildən Fransanın beş dənizaşırı ərazisi, həmçinin Korsika və Qəmər adaları ilə sıx əməkdaşlığa başlayıb. 2024-cü ildə əməkdaşlıq 14 müstəmləkə regionuna qədər genişlənib ki, buraya neokolonializmdən əziyyət çəkən Afrika ölkələri də daxil olub.
“BTQ dekolonizasiya və müstəmləkəçiliyin nəticələrinə dair, o cümlədən BMT-nin Cenevrə, Nyu-York və Vyanadakı mənzil-qərargahlarında 20-dən çox beynəlxalq tədbir təşkil edib. Bu tədbirlərin nəticəsi olaraq, müstəmləkələşdirilmiş regionlardakı mövcud vəziyyətlə bağlı müvafiq məlumatlar beynəlxalq ictimaiyyətə ötürülüb. BTQ həmçinin dekolonizasiya və neokolonializmin nəticələri ilə bağlı bir sıra hesabatlar, araşdırmalar və məqalələr hazırlayaraq dərc edib.
Bundan əlavə, BTQ BMT-nin İnsan Haqları Komitəsinə alternativ hesabat təqdim edib ki, nəticədə komitə Fransa hökumətindən hərbi qüvvələrdən əlavə istifadə, millətçi və müstəqil hərəkatların nümayəndələrinin həbsi, eləcə də Yeni Kaledoniya və Martinikdə eskalasiyalar ilə bağlı hesabat təqdim etməyi tələb edib”, – deyə o qeyd edib.
Abbas Abbasov əlavə edib ki, təşkilat Boneyr, Mayotta və Fransız Polineziyası kimi müstəmləkə bölgələri ilə üç memorandum imzalayıb ki, bu, təkcə siyasi deyil, həmçinin təhsil, ekologiya və tibbi istiqamətləri də əhatə edib.
O əlavə edib ki, BTQ Baş Assambleyasının nümayəndələri Qoşulmama Hərəkatı və BMT-nin İnsan Hüquqları Şurası kimi müxtəlif beynəlxalq platformalarda iştirak ediblər.
Abbas Abbasov ümidvar olduğunu bildirib ki, birgə səylər və müvafiq tədbirlər sayəsində XXI əsrdə müstəmləkəçilik aradan qaldırılacaq. O, həmçinin müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlara birlik, azadlıq və müstəqillik kimi fundamental dəyərlərə nail olmağı və qoruyub saxlamağı arzu edib.
Rufina Abdullayeva