Cənubi Koreyanın hakim Vətəndaş Gücü Partiyasının lideri Han Don Hun yeni aşkar olunmuş faktlar işığında Prezident Yun Sok Yolun səlahiyyətlərinin mümkün qədər tez dayandırılmalı olduğunu bildirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Yonhap” xəbər yayıb.
“Yeni aşkar olunmuş halları nəzərə alaraq, Koreya Respublikası və xalqı naminə prezidentin vəzifələrinin icrasını dayandırmaq lazımdır”, – deyə partiya lideri bildirib.
Siyasətçinin sözlərinə görə, əgər Yun Sok Yol hakimiyyətdə qalsa, hərbi vəziyyətə bənzər halın təkrarlanması təhlükəsi böyükdür. O, səbəb kimi prezidentin “antidövlət qüvvələri” adlandırdığı əsas siyasətçilərin həbsi üçün kəşfiyyat orqanlarından istifadə etməyə çalışdığına dair sübutları göstərib.
Bundan əvvəl Han Don Hun partiya sədri kimi, prezidentin impiçmentini əngəlləyəcəyini bildirmişdi. Bu məsələ ilə bağlı səsvermənin dekabrın 7-də keçirilməsi gözlənilir. İmpiçment üçün parlamentin 300 deputatından 200-nün səsi lazımdır. Vətəndaş Gücü 108 səsə nəzarət edir. Prezidentin hakimiyyətdən kənarlaşdırılması barədə yekun qərarı Konstitusiya Məhkəməsi qəbul edir, bu orqanda araşdırmalar zamanı dövlət başçısının funksiyalarını baş nazir yerinə yetirir.
Xatırladaq ki, dekabrın 3-də axşam Yun Sok Yol Şimali Koreya tərəfdarı “element”lərlə mübarizə məqsədilə gözlənilmədən hərbi vəziyyət elan edib və təxminən altı saatdan sonra bu qərar ləğv edilib. Müxalifət dekabrın 4-də impiçment proseduruna başlayıb və hesab edir ki, Yun Sok Yol konstitusiyanı pozub, çünki hərbi vəziyyət üçün əsas olmayıb.