ABŞ-nin Kaliforniya ştatının qubernatoru Gevin Nyusom Del-Norte, Humboldt və Mendosino dairələrində yeddi bal gücündə zəlzələdən sonra fövqəladə vəziyyət elan edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə onun saytında məlumat verilib.
“Bu gün fövqəladə vəziyyətin elan edilməsi baş vermiş zəlzələyə təcili cavab tədbirləri üçün lazım olan yerlərə daha çox resurs yönəltməyə imkan verəcək. Mən ştatımızda yaradılmış etibarlı sistemə görə minnətdaram, bu gün o, lazım olduğu kimi işlədi və insanların təhlükəsizliyini və məlumatlılığını təmin etdi”, – deyə qubernator bildirib.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, dekabrın 5-i səhər Kaliforniyanın şimalında Mendosino burnu rayonunda 7.0 bal gücündə zəlzələ baş verib. Bundan sonra onlarla afterşok qeydə alınıb.
Sunami xəbərdarlığı elan edilib. Kaliforniya və Oreqonun sahil rayonlarının sakinlərindən ərazini tərk etmək və yüksəkliyə qalxmaq xahiş olunub. Daha sonra sunami xəbərdarlığı ləğv edilib.
Power Outage.us xidmətinin məlumatına görə, Kaliforniyada 12 mindən çox abunəçi işıqsız qalıb.