Nəhəng qısqaclarda əzilən avtolar: Utilizasiya prosesi necə və hansı əsasla aparılır?

“Utilizasiyaya təqdim olunan nəqliyyat vasitələrinə öncə baxış keçirilir, yararlı ehtiyat hissəsi varsa, dəyərləndirilir”.

Oxu.Az xəbər verir ki, bu barədə nəqliyyat vasitələrinin utilizasiyasının həyata keçirildiyi məkana təşkil olunan mediaturda utilizator “Fors” MMC-nin direktoru Sahib Əliyev məlumat verib.

O bildirib ki, digər hissələr isə müxtəlif metal növləri üzrə ayrılır:

“İstifadəyə yararsız kimi görünən avtomobillər qara və əlvan metala çevrilir, bunlar da, öz növbəsində, metal istehsalçılarına yönləndirilir və aidiyyəti üzrə istifadə olunur”.

“Təmiz Şəhər” ASC-nin nəqliyyat vasitələrinin utilizasiya şöbəsinin müdiri Mirzə Laçınovun sözlərinə görə isə nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı hazırlanaraq ictimaiyyətə təqdim olunub.

O, həmçinin, nəqliyyat vasitələrinin utilizasiyaya könüllü şəkildə verildiyini deyib:

“Utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçirilir. Utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitələri dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmaqla arayış əldə olunmalı, nvu.gov.az portalında qeydiyyatdan keçilərək ərizə və tələb olunan sənədləri portala yükləməklə utilizatorda növbə tutulmalıdır”.

Şöbə müdirinin sözlərinə görə, utilizatorlar nəqliyyat vasitəsini utilizasiyaya qəbul edərkən aşağıdakı sənədləri tələb edirlər:

– nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizə;

– nəqliyyat vasitəsini utilizasiyaya vermək üçün sərəncam vermə hüququnu təsdiq edən (etibarnamə və ya digər) sənəd;

– nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə aidiyyəti dövlət qeydiyyat orqanının yazılı məlumatı;

– fiziki şəxsin şəxsiyyətini təsdiq edən, hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.

O qeyd edib ki, ərizə və ona əlavə olunan sənədlər ərizəçi tərəfindən birbaşa və ya səlahiyyətli nümayəndə tərəfindən təqdim olunmalıdır:

“Sənədlər icraata qəbul olunduqdan sonra nəqliyyat vasitəsi seçilmiş utilizatorun qəbul məntəqəsində təhvil verilməklə təsdiqedici sənəd əldə edilməlidir”.

Murad Həsənov



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More