Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 10 nömrəli orta məktəbdə şagirdlər soyuqda dərs keçməli olublar.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, məktəbin bəzi sinifləri kombi, bəziləri isə elektrik enerjisi ilə qızdırılır. Elektrik enerjisi kəsildiyi üçün elektrik enerjisi ilə qızdırılan sinif otaqlarında uşaqlar soyuqda dərs keçməli olub.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran “Azərişıq” ASC-dən elektrik enerjisinin kəsilməsi faktı təsdiqlənib.
Qeyd edilib ki, ərazidə 6 000 kilovoltluq xəttin keçdiyi dayaq qəzalı olub.
“Həmin dayağın dəyişdirilməsi işləri aparılırdı. Artıq iş yekunlaşıb və elektrik enerjisinin verilməsi təmin olunacaq”, – deyə məlumatda bildirilib.
Əzizə İsmayılova