ABŞ-nin Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası “Oskar” mükafatına 10 kateqoriya üzrə namizədlərin qısa siyahısını dərc edib.
Oxu.Az bu barədə TASS-a istinadən məlumat verir.
Bildirilir ki, “Ən yaxşı xarici bədii film” nominasiyası üzrə 15 film mübarizə aparır. Bunların arasında Braziliya rejissoru Uolter Sallesin “I’m still here”, fransalı Jak Odiarın “Emilia Perez”, Danimarka rejissoru Maqnus fon Hornun “The Girl with the Needle”, Çexiya rejissoru İrji Madlın “Waves”, həmçinin İslandiya, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Latviya, Norveç, Fələstin və Tailanddan olan filmlər var.
“Ən yaxşı musiqi” nominasiyasında “Challengers”, “Conclave”, “The Wild Robot”, “Beetlejuice Beetlejuice”, “Inside Out 2” kimi filmlər təqdim olunub.
“Ən yaxşı sənədli film” nominasiyasının qısa siyahısında “Black Box Diaries”, “Dahomey”, “Frida”, “Hollywoodgate”, “Porcelain War” və digər filmlər yer alıb.
Bundan əlavə, nüfuzlu kino mükafatına namizədlər “Ən yaxşı qısametrajlı sənədli film”, “Ən yaxşı qrim və saç düzümü”, “Ən yaxşı mahnı”, “Ən yaxşı qısametrajlı cizgi filmi”, “Ən yaxşı bədii qısametrajlı film”, “Ən yaxşı səs”, “Ən yaxşı vizual effektlər” kateqoriyalarında təqdim olunub.
Qeyd edək ki, “Oskar” mükafatının 97-ci təqdimetmə mərasimi 2025-ci il martın 2-də keçiriləcək. Mərasimin aparıcısı amerikalı komik Konan O’Brayen olacaq.