Azərbaycanda müşahidə olunan güclü külək İsmayıllı rayonunun İvanovka kəndində fəsadlar törədib.
Kənd sakinlərinin Oxu.Az-a verdikləri məlumata görə, küləyin sürəti o qədər güclü olub ki, bir çox ağac kökündən qoparaq aşıb. Nəticədə elektrik xətlərinə ciddi ziyan dəyib.
“Hazırda kəndin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Elektrik kəsintisi səbəbindən internet xidmətindən də istifadə edə bilmirik”, – deyə məlumatda bildirilir.
“Azərişıq” ASC Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
Bildirilib ki, bir neçə yerdə ağacların aşması nəticəsində həm elektrik xətləri, həm də elektrik dayağı zədələnib.
“Hazırda kəndin bir küçəsində işıq yoxdur. Qəza xidməti ərazidədir və problemin aradan qaldırılması üçün müvafiq işlər görülür. Bir neçə saat ərzində elektrik enerjisinin verilməsi tam bərpa olunacaq. Amma kəndin digər hissələrində işıq yanır”, – deyə açıqlamada vurğulanır.
Əzizə İsmayılova