Türkiyənin “Afrika Buynuzu” (Somali yarımadası – red.) bölgəsindəki maraqları artır.
Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Məlumata görə, Türkiyə Somalidə Ankaranın uzunmənzilli raketlərinin sınaqdan keçirilməsi proqramının bir hissəsi olacaq kosmodromun tikintisinə başlayıb.
Qeyd edilir ki, layihə Somali üçün yeni iş yerləri yaradacaq və əhəmiyyətli gəlir gətirəcək.
Vurğulanır ki, Somalinin Afrikanın şərq sahilindəki coğrafi mövqeyi Hind okeanına doğru atışlar üçün əlverişlidir. Bu, yaşayış məntəqələrinə və qonşu ölkələrə raket qalıqlarının düşmə riskini minimuma endirir.
“Bloomberg” bildirir ki, yeni raket obyekti Türkiyəyə kosmosun tədqiqi ilə bağlı ambisiyalarını reallaşdırmağa kömək edəcək. Obyektin konkret tikinti yeri hələ açıqlanmayıb.