Təranə Muradova “Ustadına əhsən!” dedirtdi: “Uşaqlardan reklam üçün istifadə etməyin”

Oğlanlar və qızlar necə rəqs etməlidirlər? Korporativdə hansı rəqsi ifa etsək, daha yaxşı olar? Ən asan öyrənilən rəqs elementləri hansılardır? Hansı rəqsi oynamaq məsləhət deyil?

Bu və digər sualların cavabını Oxu.Az-ın yeni layihəsi olan “Ustadına əhsən!”in növbəti buraxılışının qonağı – Azərbaycan və dünya xalqları rəqslərinin mahir ifaçısı, baletmeyster, Azərbaycan Respublikasının Xalq artisti Təranə Muradovadan alıb.

Ustad ilə rəqs dünyasına dalaraq hər kəsi maraqlandıran suallara cavab tapmaqla yanaşı, sözün əsl mənasında dərs aldıq:

Təranə Muradova ilə “Ustadına əhsən!” – Rəqs edən “meymunlar”, qartal kimi kişilər





Master-klasın bəzi məqamlarını təqdim edirik:

– Bəzi aşpazlar, yaxud qənnadıçılar var ki, deyirlər, filan yeməyi elə ustası bişirsə, yaxşıdır, başqaları heç cəhd edib, ərzağı da, yeməyi də xarab etməsinlər. Bəs bir rəqqas kimi, sizcə, rəqqas olmayanlar hansı rəqsi ifa etməsələr, daha yaxşıdır?

– Bəzi insanlar çalışırlar ki, ritmik rəqslər ifa etsinlər, amma onlarda bu çox gülməli alınır. Ritmli rəqslər ifa etmək üçün rəqs məktəbi keçmək lazımdır. Ya da özfəaliyyət dərnəyinə getmək lazımdır. Deyərdim ki, kobud oynamasınlar. Bəlkə də, yaxşı səslənməyəcək, amma özlərini meymuna bənzədirlər. Rəqs edəndə otururlar. Bəylər yuxarı dartınmalı, kişi kimi oynamalıdırlar. Yəni xanımların yanında qartal kimi vüqarlı görünməlidirlər.

– Hər sahədə trend olduğu kimi, rəqsdə də vaxtaşırı hansısa elementlər dəbə minir. Sizcə, 2025-ci ildə hansı rəqs dəbdə olacaq?

– Həmişə trenddə olan rəqslərimiz “İgidlər”, süitalar, yallılarımızdır. Mənim üçün trend – milli rəqsdir. Ümid edirəm, 2025-ci ildə insanlarımız milli rəqsi qoruyub, ifa edəcəklər.

– Son zamanlar qadınların, qızların kişi rəqslərinə meyil saldıqlarını müşahidə edirik. Zaman-zaman bu tip hallar sosial mediada trend olur. Eləcə də, bəzi kişilərin, İran havalarına uyğun olaraq, rəqs edərkən çox əzilib-büzülməsi müzakirələrə səbəb olur. Xanımlar və bəylər üçün rəqs elementlərində sərhəd varmı? Yəni hansı elementi icra edəndə bu artıq kişi, yaxud qadın rəqsi olur?

– Bilirsiniz, xanım xanım qalmalıdır, həmişə xanım kimi, bəy də bəy kimi ifa etməlidir. Hər insanın daxilində tərbiyəsi olmalıdır. Rəqs tərbiyədir, musiqi – gözəllik. “Facebook”da, “Instagram”da izləyəndə görürəm ki, bəzi müəllimlər öz tələbələrini çox pis tərzdə təqdim edir, özləri üçün reklam vasitəsi kimi yararlanırlar. Onlar anlamırlar ki, bu uşağın gələcəyi olmalıdır, öz mədəniyyətini, tarixini bilməlidir. Mən dəfələrlə demişəm, bu, evdən gələn tərbiyədir. Analar, atalar hara baxırlar? Bizim balaca qızımız, gələcəyin xanımı nəyə görə oğlan kimi rəqs etməlidir? Xanım incə olmalıdır. Uşaq isə uşaq rəqsi ifa etməlidir. Bəzi kişilər də qadın kimi oynayırlar, burcudurlar, bu da onlarda gülməli alınır. Bizim adət-ənənələrimiz var.

Aygün Mirakif

Video: Cavid Mehdiyev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More