Qan Turalı yazır…
Terror dövrümüzün ən böyük sosial bəlalarından biridir. Və terror bütün ölkələri təhdid edir. ABŞ-də baş verən 11 sentyabr terroru yəqin ki, əsrlər boyu unudulmayacaq miqyasda bir hadisədir. Eləcə də yaxın tarixin bir çox başqa hadisələri kimi… Rusiya-Ukrayna müharibəsi də bu baxımdan xarakterikdir.
Bu günlərdə isə bir rus general Moskvada öldürüldü. Söhbət rus ordusunun Nüvə, Kimyəvi və Bioloji Silahlardan Müdafiə Qüvvələrinin komandanı, general-leytenant İqor Kirillovdan gedir. Üç ilə yaxın müharibənin getdiyi bir dövrdə cəbhə arxasında öldürülən ilk general isə Kirillov oldu. Terror aktının arxasında duran qüvvəni axtarmağa isə ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Ukrayna kəşfiyyatındakı (SBU) mənbələr terror aktını özlərinin törətdiyini elan etdilər.
Bu, Ukraynanın Rusiyada törətdiyi ilk terror aktı deyil. Doğrudur, bu dəfə bir general hədəfə alındı və özü də cinayət paytaxtda törədildi. Bu hadisənin Moskva sakinlərində oyatdığı təsir yəqin ki, Ukrayna kəşfiyyatçılarının əsas motivasiyası oldu. Cəbhədən yüz kilometrlərlə geridə yaşayan insanlar artıq özlərini rahat hiss edə bilməyəcəklər.
Sui-qəsdin gerçəkləşdiyi küçədə yaşayan Liza BBC-nin müxbirinə öz təəssüratlarını bölüşüb: “Xəbərlərə baxanda görürəm ki döyüşlər bizdən çox uzaqdadır. Ancaq qonşu binada partlayış səsi gəldikdə hər şey çox fərqli və qorxulu olur. İndi çox narahatam, hər səsdən vahiməyə düşürəm. Bir səs eşidən kimi öz-özümə deyirəm ki, deyəsən, dron səsidir”.
Bu sözlər terrorun nə demək olduğunu əyani şəkildə bizə izah edir. Hər nə qədər təəccüblü olsa da cəbhə xəttində minlərlə insanın ölməsi arxa cəbhədəkiləri bir o qədər də narahat etmir. Əlbəttə ki, arxa cəbhədə yaşayanlar buna görə narahat olurlar, qayğı çəkirlər. Ancaq cəbhədə olanlar insanların fərdi təhlükəsizliyini narahat etmir. Moskvada ya da başqa bir şəhərdə baş verənlər isə insanları psixoloji baxımdan çətin vəziyyətə salır. Terrorun “gücü” bundadır.
Ukrayna kəşfiyyatı isə arxa cəbhədə bir sıra terror aktları həyata keçirdib və keçirməkdədir. Keçən ilin aprel ayında hökumətyönlü hərbi bloqer Tatarski Sankt-Peterburq şəhərində öldürüldü. Öz tərəfdarları ilə görüşən Tatarskiyə Trepova soyadlı gənc qadın heykəlcik hədiyyə etdi. Bir neçə dəqiqə sonra isə heykəlcik partladı və Tatarski həlak oldu. Trepova heykələ bomba qoyulduğunu bilmədiyini desə də məhkəmə onu günahkar bildi və o, 27 il müddətinə azadlıqdan məhrum edildi.
Ötən il isə Rusiya tərəfdarı olan ukraynalı deputat İlya Kiva Moskva ətrafındakı bir kənddə parkda gəzərkən ona açılan atəş nəticəsində öldürüldü. Ukrayna kəşfiyyatı sui-qəsdin arxasında durduqlarını bəyan etdi.
Beş gün əvvəl isə rus raket mütəxəssisi Mixail Şatski Moskva ətrafındakı meşəlikdə qətlə yetirildi. Şatski rus raketlərinin modernizasiyası ilə məşğul idi və bu raketlər Ukraynada böyük tələfatlara səbəb olmuşdu. Rus ideoloq Aleksandr Duqinin qızı Darya isə 2022-ci ilin yayında avtomobilinə yerləşdirilən bombanın partlaması ilə öz həyatını itirdi.
Göründüyü kimi, siyahı kifayət qədər genişdir. Son bir həftə ərzində bir general və bir raket mütəxəssisi öldürülüb. Gedişatdan bu cür sui-qəsd aktlarının davam edəcəyi də gözlənilir. Rusiyanın bu aktlara nə cür cavab verəcəyini isə zaman göstərəcək.