İsmayıllıda damı uçan vətəndaşa aidiyyəti qurumun cavabı: “Sığorta yoxdur deyə nəsə edə bilmirik”

İsmayıllı rayonu Kürdmaşı kəndində vətəndaşa məxsus evin damını külək uçurub.

Bununla bağlı Oxu.Az-a məlumat daxil olub.

Qeyd olunub ki, həmin ev kənd sakini Siyahət Allahverdi qızı İsgəndərovaya məxsusdur.

“Evdə üç nəfərdirlər – ana, oğlu və qızı. Oğlu yanvarın 3-də əsgər gedəcək. Amma nə baxan, nə də maraqlanan var. Bələdiyyə və icra nümayəndəsi gəlib baxıb deyiblər ki, sığortan yoxdur, biz heç nə edə bilmərik. Ailə çox imkansızdır”.

İsmayıllı Rayon İcra Hakimiyyətinin birinci müavini Mahmud Süleymanov Oxu.Az-a açıqlamasında bildirib ki, icra hakimiyyətlərinə vəsait ayrılmadığı üçün onlar vətəndaşa kömək etməkdə çətinlik çəkirlər.

“Əgər vətəndaşın sığortası varsa, biz akt yazırıq və vətəndaşla birgə sığorta şirkətinə təqdim edirik. Sonra vətəndaş gedib dəymiş ziyanı sığorta şirkətindən alır. Məsələ budur ki, sözügedən vətəndaşın sığortası yoxdur. Bizim nümayəndələr orada olublar, bələdiyyə də olub, ev sahibi ilə söhbət aparıblar. Bələdiyyəyə tapşırmışıq ki, imkan daxilində kömək etsinlər. İmkan daxilində, gücümüz çatan qədər biz də nəsə edəcəyik, ancaq tam olaraq vətəndaşın evini təmir etmək gücündə deyilik”, – deyə M.Süleymanov bildirib.

Məsələ ilə bağlı Kürdmaşı kənd bələdiyyəsinin sədri Tünzalə İsmayılova isə Oxu.Az-a açıqlamasında bildirib ki, külək vətəndaşın evinin damını yox, evin qarşısına əlavə etdiyi quraqlığı uçurub.

“Hadisə baş verən gün özüm orada olmuşam. Oğlan evdə yox idi, anası və bacısı evdə idilər. Evin damı uçmayıb. Evə heç nə olmayıb. Sadəcə, evə bir artırma, quraqlıq yapışdırıblar, həmin quraqlığı külək götürüb, yarısını evin arxa tərəfinə atıb, yarısını da ön tərəfinə. Şəklini də çəkmişəm. Baxanda özünüz də görəcəksiniz ki, evin damına heç nə olmayıb, aşan sonradan əlavə olunan quraqlıqdır.

Bildirmək istəyirəm ki, güclü külək nəticəsində ziyana düşən tək o ailə deyil. Təbii fəlakət nəticəsində kənddə bir çox evlərə və hasarlara ziyan dəyib. Ümumilikdə haradasa səkkiz-on nəfərə yardım olunmalıdır. Təbii ki, bu halda dövlət sığorta tələb edir, onların da heç biri sığortalı deyil.

Bələdiyyə olaraq da büdcəmizdə hazırda heç nə yoxdur. Gücümüz çatan qədər onların hamısına kömək etməyə çalışacağıq. Yəni ilin axırına yığılan vergilərdən çalışacağıq ki, hamısına müəyyən qədər kömək edək. Amma vətəndaşlar da vaxtında sığorta etdirməlidirlər ki, belə hadisələr baş verəndə çətin vəziyyətdə qalmasınlar”, – deyə bələdiyyə sədri bildirib.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More