Nostalji futbol azarkeşlərinin top oyununun müasir formasını bəyənməmək üçün əsasları var. Artıq meydanlarda Ronaldinyo kimi saf istedadlara yer yoxdur. Bunun əvəzinə taktikaya bağlı, hər hərəkəti ölçülü-biçili futbolçular dəbdədir. Süni intellekt artıq yalnız statistik analizlərlə kifayətlənmir, həm də məşqçilərin qərarlarını yönəldir, oyunları proqnozlaşdırır və transfer siyasətini kökündən dəyişdirir. Bu texnologiyanın gələcəkdə futbolun necə oynanacağına təsir edəcəyini izləmək olduqca maraqlıdır.
Oxu.Az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.
Mitoma necə top səviyyəyə yüksəldi?
Texnologiyanın inkişafı ilə futbol elmiləşib və məşqçilər oyunçuların potensialından maksimum necə yararlana biləcəklərini data analitika ilə müəyyənləşdirirlər. Hətta oyunçular özləri də daha yaxşı oynamaq üçün texniki vasitələrə əl atırlar.
Son iki mövsüm İngiltərənin “Brayton” klubunun parlaq üzvü olan Kaoru Mitoma driblinq bacarıqlarını elmi araşdırma ilə inkişaf etdirib. 19 yaşı olarkən özünü böyük futbola hazır hesab etməyərək təklifləri geri çevirən yaponiyalı universitetə daxil olur. Orada isə o, oyunçuların driblinq bacarıqları üzərində elmi iş hazırlayır. Mitoma bu məqsədlə özünün və komanda yoldaşlarının başına kamera bağlayır. Matçlardan sonra analizlər edən futbolçu müəyyənləşdirir ki, yaxşı keçid qabiliyyətinə malik oyunçular topa yox, rəqibin gözlərinə baxırlar və onun dayaq mərkəzini tərpətmək üçün çox hərəkətli davranırlar. Araşdırmanın nəticəsində Mitoma driblinq bacarıqlarını xeyli inkişaf etdirir. O, hazırda “Brayton”un əsas fiqurlarındandır və böyük klubların diqqət mərkəzinə düşməyi bacarıb.
“Mançester Siti”də süni intellektin gücü
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da futbolda süni intellektə verdiyi rola görə ön sıralardadır. O, “Metrica Sports” və “StatsBomb” kimi süni intellekt əsaslı platformalardan rəqib komandaların zəif nöqtələrini tapmaqda istifadə edir. Həmin məlumatların emalı komandasının taktikasını hər bir oyuna uyğun şəkildə müəyyənləşdirməyə kömək edir. Məsələn, “şəhərlilər”in bu ilin əvvəlində oynadığı matçların birində rəqibin müdafiə xəttindəki boşluqlar süni intellekt vasitəsilə müəyyən edilib və bu məlumat komandanın hücumlarının daha effektiv olmasına imkan yaradıb.
Bundan əlavə, “Mançester Siti”nin məşqçilər heyəti oyunçuların fiziki vəziyyətini izləyən və zədə riskini proqnozlaşdıran texnologiyalardan istifadə edir. Bu, Qvardiola üçün oyunçuları ən yüksək fiziki səviyyədə saxlamaq və onlardan maksimum fayda əldə etmək baxımından əhəmiyyətli bir alətə çevrilib.
Slotun taktiki inqilabında texnologiya elementləri
“Liverpul”da da süni intellektdən istifadə olunur. Komandanın baş məşqçisi Arne Slot Yurqen Kloppdan sonrakı dövrdə pressinq sistemini daha da effektivləşdirmək üçün bundan yararlanıb. “SkillCorner” adlı platforma rəqib komandaların oyun stilini analiz edərək, hər bir oyunçunun hansı taktika ilə daha təsirli ola biləcəyini göstərir. Bu məlumatlar əsasında Slot futbolçuların effektivliyini artırmağa nail olub.
“Liverpul”da da süni intellekt yalnız taktika ilə məhdudlaşmır. Oyunçuların məşq proqramlarını fərdiləşdirmək, onların fiziki və zehni vəziyyətlərini izləmək və mümkün zədələrin qarşısını almaq üçün də ondan istifadə olunur.
Transferləri kompüter seçir
Futbol klubları artıq transfer bazarında da süni intellektin köməyinə müraciət edirlər. Yüksək büdcəli klublar bunun vasitəsilə oyunçuların performansını dərindən analiz edir, onların komanda üçün uyğunluğunu və potensialını daha yaxşı dəyərləndirirlər.
“Brayton” az tanınmış, amma potensialı olan oyunçuları tapmaqda süni intellektdən istifadə edən ən uğurlu klublardan biridir. Komanda “AI Scout” platforması ilə futbolçuları izləyir və onların statistikalarını təhlil edir. Bu yanaşmanın nəticəsi olaraq “Brayton” çox vaxt gözlənilməz oyunçuları aşağı büdcə ilə kluba gətirə bilir. Əvvəl də haqqında bəhs etdiyimiz Kaoru Mitoma və Moyzes Kaysedo kimi futbolçular bu texnologiyanın köməyi ilə tapılıb.
“Barselona” isə yeni texnologiyalardan istifadə edərək, gənc futbolçuların inkişafını izləmək və onların potensialını daha tez aşkar etmək üçün yeni layihələr həyata keçirir. Akademiyada futbolçuların hərəkətləri və qərar qəbuletmə qabiliyyətləri süni intellekt vasitəsilə analiz edilir və onlara fərdi məşq proqramları təqdim olunur.
“Milan” süni intellektlə daha çox oyunçuların taktiki uyğunluğuna diqqət edir. Klub texnologiyanın köməyi ilə futbolçuların ümumi oyun anlayışını, xüsusilə hücum və müdafiə məsələlərindəki uyğunluqlarını təhlil edir.
Süni intellekt zədələrə qarşı
Böyük klublar artıq süni intellekt vasitəsilə oyunçularının fiziki vəziyyətini də izləyir və zədələrini proqnozlaşdırmağa çalışırlar. “Bavariya” bu yanaşmada öncüllərdən biridir. Klub bununla oyunçuların məşq yükünü izləyir və zədə riski yaranarsa, məşq proqramını dərhal tənzimləyir. Leon Goretska və Yosua Kimmix kimi oyunçuların zədələnmə riski bu sistem sayəsində azaldılıb.
Bundan əlavə, komandanın məşqçiləri süni intellekt məlumatları ilə məşqləri daha da optimallaşdırır və hər oyunçunun bədənindəki təzyiqi izləyərək, onların istirahət zamanlarını düzgün planlaşdırırlar.
Gələcəyin oyunu
Süni intellektin meydanlara inteqrasiyası hələ başlanğıc mərhələsindədir. Lakin bu texnologiya getdikcə daha çox klub və məşqçi tərəfindən qəbul edilir. Gələcəkdə onun futbolu necə dəyişəcəyini görmək çox maraqlı olacaq. Bu yeni dövr, həm məşqçilərə, həm də azarkeşlərə futbolu fərqli bir baxışla izləmək imkanı yaradır. Süni intellektin insan instinktlərinə qalib gələ bilib-bilməyəcəyini isə zaman göstərəcək.