“Dünyanın gərgin siyasi mənzərəsi fonunda Azərbaycanda, şükürlər olsun ki, ictimai-siyasi sabitlik hökm sürür. Bu, Azərbaycan Prezidentinin müdrik daxili və uzaqgörən xarici siyasətinin bəhrələridir. Dini-mənəvi sahədə uğurlarımız dövlətimizin dünyaya örnək multikultural siyasi xətti, dinlərarası əməkdaşlıq, məzhəblərarası anlaşma mühiti ilə bağlıdır”.
Oxu.Az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Dini maarifləndirmənin aktual məsələləri: Ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda bildirib.
O qeyd edib ki, din xadimlərinin ən mühüm vasitəsi sözdür, moizədir, xütbədir:
“Uca Allahın buyurduqlarını, Vətən məhəbbətini ali dəyərlər işığında insanlara çatdırmaq, dövlətimizin qazandığı Böyük Zəfərin dərin anlamını, görülən genişmiqyaslı işlərin mahiyyətini açıqlamaq mühüm vəzifəmizdir. Azad olunmuş torpaqlarımızda yenidən inşa olunmuş məscidlərimizdə ucalan azan səsləri qürur mənbəyimizdir. Yeni məscidlərdə fəaliyyətə başlayan din xadimlərimiz sıralarımızı genişləndirirlər. Dövlət əhəmiyyətli bayramlar və günlər məscidlərdə moizələrdə yüksək səviyyədə təşviq olunur.
Şükürlər olsun, milli-mənəvi birliyimizə xidmət edən vahid namaz təqvimi, azanların eyni vaxtda verilməsi, müqəddəs dini bayramların vəhdət şəklində keçirilməsi məsələləri həllini tapıb”.
Məhərrəm Əliyev