Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin sakinləri yaşadıqları ərazidə yaranan antisanitar vəziyyətdən şikayətçidirlar.
Onlar Oxu.Az-a ünvanladıqları şikayətlərində bildiriblər ki, yağan yağışdan sonra ətrafa dağılan kanalizasiya suyu pis qoxuya səbəb olub, gediş-gəlişdə çətinlik yaradıb:
“Ayın 9-da yağan yağışdan sonra həyətlərimizi su basdı. Kanalizasiya suyu sanki qaynayıb çölə daşır. Ətrafı üfunət bürüyüb. Gediş-gəliş çox çətinləşib. Əlacsız qalıb yola mişardaşı döşəmişik. Hər tezdən işə gedəndə bu daşların üzərindən keçmək məcburiyyətində qalırıq. Su gah azalır, gah da artır. Şikayətlərimizə baxmayaraq, ərazidə olan suyu çəkmək üçün heç bir tədbir görülmür”.
Sözügedən ərazidən videonu təqdim edirik:
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hazırda ərazi üzrə müvafiq tədbirlər davam etdirilir:
“Ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud olmadığı üçün ünvandan su nasoslar vasitəsilə 2.5 kilometrlik məsafədə yerləşən şəbəkəyə ötürülür. Bu səbəblə yığılan suyun səviyyəsi tədricən aşağı düşür. Hazırda ərazi üzrə müvafiq tədbirlər davam etdirilir. Suyun ünvandan kənarlaşdırılması istiqamətində işlər icra edilir”.
Aygün Mirakif