İran Prezidenti Məsud Pezeşkian Rusiya baş nazirinin müavini Vitali Savelyevlə görüşündə Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinin İran hökuməti üçün prioritetlərdən biri olduğunu bildirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İran dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
“İran hökuməti Rusiya ilə sazişin həyata keçirilməsinə xüsusi diqqət yetirir, yollar və şəhərsalma naziri (Fərzanə Sadiq – red.) onun həyata keçirilməsi üçün şəxsi məsuliyyət daşıyır”, – Pezeşkian bəyan edib.
Prezidentin Mətbuat Xidmətinin bəyanatında qeyd edilir ki, İran tərəfi sazişin bütün bəndlərinə əməl edir və onu əvvəlcədən razılaşdırılmış müddət ərzində həyata keçirmək əzmindədir.
Xatırladaq ki, 2023-cü il mayın 17-də Rusiya və İran Rəşt-Astara dəmir yolu hissəsinin birgə tikintisinə dair saziş imzalayıblar. Bu marşrut Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirməyə və Azərbaycandan keçən transxəzər marşrutunun iqtisadi səmərəliliyini artırmağa imkan verəcək. Layihənin həyata keçirilməsi üçün Moskva Tehrana 1,3 milyard avro dəyərində dövlətlərarası kredit ayırıb. Tikintinin ümumi dəyəri isə 1,6 milyard avro dəyərində qiymətləndirilir.