Belçikasayağı kolo­nializm: Soyqırımı, azyaşlıların istismarı, etnik təmizləmə

Kolo­nializm, müstəmləkəçilik həmin prosesi yaşayan xalqların ta­rixində si­linməz iz qoyub. Ötən əsrin 60-cı illərində Afrika ölkələri müstəmləkəçi rejimdən qurtulsalar da, onun acı nəticələrini hələ də öz üzərilərində hiss edirlər.

Böyük coğrafi kəşflərlə başlayan bu prosesdə Fran­sa, Böyük Britaniya, İspaniya, Portuqaliya ilə yanaşı, Belçika da “xüsusi rola” malikdir. Az qala, dünyaya ideal ölkə kimi sırınan Belçika Krallığı adıçəkilən dövlətlərlə yanaşı, bir dəfə də olsun keçmişdə törətdiklərinə görə nə bir üzrxahlıq, nə də etiraf edib. Bu bir yana, Belçika XX əsrin ortalarına qədər müstəmləkəçilik siyasətini davam etdirib.

Bu dövlət Afrika və Asiyada ələ keçirdiyi ərazilərdə elə silinməz izlər buraxıb ki, yerli xalqlar hələ də onun acısını yaşayırlar. Krallığın müstəmləkəçiliyi əsasən də Konqo Demokratik Respublikası, Ruanda və Burundidə təbii resursların istismarı, zorakılıq və irqi ayrı-seçkiliklə müşayiət edilib.

Belçika hazırda da neokolonializm formasında keçmiş müstəmləkələrində siyasi və iqtisadi təsirlərini davam etdirməyə çalışır. İkitərəfli müqavilələr və QHT-lər vasitəsilə iqtisadi maraqlar qorunur, xüsusilə mədən sektorunda Belçika şirkətlərinin aktivliyi nəzərə çarpır.

Belçika hökumətinin təzminatlar ödəməsi və müstəmləkə dövrünün cinayətlərini tanıması istiqamətində müəyyən addımlar atılsa da, mübahisələr və tarixlə üzləşmə prosesi hələ tam başa çatmayıb.

Nəticə etibarilə, Belçikanın müstəmləkəçilik siyasəti məqsədlərinə çatmaq üçün iqtisadi, siyasi və ideoloji alətlərdən istifadə edib, lakin uzunmüddətli olaraq bu siyasət müstəmləkə ərazilərində dərin izlər və ağır nəticələr qoyub. Bu gün bu təsirlərin izləri iqtisadi asılılıq, siyasi qeyri-sabitlik və sosial bərabərsizlik şəklində davam edir.

Belçikanın Afrikadakı soyqırımı – Konqo, Ruanda, Burundi

Belçika XIX əsrin sonları – XX əsrin əvvəllərində müstəmləkəçilik siyasəti yürüdərək əsasən Afrika qitəsində, xüsusilə Konqo, Ruanda və Burundidə daha təsirli olub. Bu müstəmləkəçilik siyasəti genişmiqyaslı istismar, insan hüquqlarının pozulması və sosial-iqtisadi bərabərsizliklə yadda qalıb. Belçikanın müstəmləkəçilik siyasəti əsasən Konqo Demokratik Respublikası (KDR) ərazisində həyata keçirilib. Krallığın ən “parlaq” müstəmləkəçi lideri II Leopold 1885-ci ildən 1908-ci ilədək Konqonu şəxsi mülkü kimi idarə edib.

O, Beynəlxalq Afrika Təşkilatı (International African Association) adlı qurumu yaradıb və buraya “mədəniyyət” gətirmək ideyasını irəli sürüb ki, bunun da əsl məqsədi yerli əhalini istismar etmək olub. Həmin dövrdə Konqoda baş verən insan haqları pozuntuları və qətliamlar tarixdə ən dəhşətli müstəmləkəçilik nümunələrindən biri kimi qeyd olunur.

Adıçəkilən təşkilat Afrika qitəsində mədəniyyətin yayılması və inkişaf etdirilməsini məqsəd kimi göstərsə də, əslində əsas məqsəd Afrika qitəsindəki resursları istismar etmək və müstəmləkəçilik siyasətini həyata keçirmək, əhalinin istismarını və köləlik sistemini legitimləşdirmək idi.

Təxminlərə görə, Leopoldun hakimiyyəti dövründə təxminən 10 milyon afrikalı öldürülüb. Lakin tarixçilər hələ də dəqiq rəqəmlər barədə mübahisə edirlər. 44 il Belçikaya rəhbərlik edən Leopoldun rejimi Afrika regionunun zəngin resurslarını mənimsəyib. O, şəxsi sərvətini artırıb, kauçuk və fil sümüyünü istismar edir. Kişilər, qadınlar və uşaqlar ağlasığmaz vəhşiliklərə məruz qalıblar – milyonlarla insan tiranlıq altında həlak olub.

Nəhayət, Afrikadakı genişmiqyaslı insan hüquqları pozuntuları barədə məlumatlar beynəlxalq ictimaiyyətə çatdı. Nəticədə kral 1909-cu ildə, ölümündən bir il əvvəl Konqodan imtinaya məcbur edildi.

Belçikanın Konqoda yaratdığı insan zooparkı isə tarixə iyrənc bir faktor kimi düşüb. Dünyanın sonuncu insan zooparkı kimi tanınan bu yer 66 il əvvəl mövcud idi. Bura 1897-ci ildə kral II Leopold tərəfindən yaradılıb və sonradan Afrika Muzeyinə çevrilib. Süni kənd yaradan təşkilatçılar burada insanları təhqir edir, onları aşağılayırlar.

“Konqolular özlərini alçaldılmış hiss edirdilər, çünki onlara banan atır və vəhşi insanlar kimi davranırdılar”, – deyə muzeyin hələ də rəhbəri olan tarixçi Graysils bildirib.

Belçikanın müstəmləkəçilik siyasəti, iqtisadi amillərlə də sıx bağlıdır. Belə ki, Avropa və Amerika özəl korporasiyaları Birinci Dünya Müharibəsindən sonra Belçika Konqosuna böyük sərmayələr yatırdılar. Bu, müstəmləkə dövründə iqtisadi inkişafı sürətləndirmək və resurslardan maksimum dərəcədə faydalanmaq məqsədi güdürdü. Belçika Konqosunda pambıq, xurma, qəhvə, kakao və kauçuk kimi məhsulların əkilməsi üçün iri plantasiyalar yaradıldı. Bu, müstəmləkə iqtisadiyyatının tələblərinə uyğun olaraq yerli resursların istismarını artırdı.

Belçika müstəmləkəçiliyinin Ruandadakı təsirləri

Belçika Konqo ilə yanaşı, Ruanda və Burundidə də “parçala və hökm et” siyasəti tətbiq edərək etnik gərginlikləri dərinləşdirib, bu da gələcəkdə baş verən soyqırımlarının əsasını təşkil edib. Məsələn, bəşər tarixinin ən qanlı soyqırımı – 1994-cü ildə Ruandada baş verib və bu qətliamda Belçikanın da məsuliyyəti var. Radikal hutular tərəfindən tutsilərin kütləvi şəkildə öldürülməsi hələ də yaddaşlardan silinməyib. Bu hadisələr, müstəmləkə dövründə yaradılan etnik gərginliklərin nəticəsi olaraq meydana gəldi.

Onu da qeyd edək ki, müstəmləkə ərazilərində qurulan infrastruktur yalnız resursların istismarına yönəlib, yerli əhali bundan faydalanmayıb. Təbiət resurslarının talanı və ekosistemin məhvi Afrikanın zəngin təbii sərvətlərinin tükənməsinə səbəb olub. Sosial və mədəni təsirlər isə özünü yerli mədəniyyətin məhv edilməsində və xristianlaşdırma siyasətində göstərib. Fransız və flamand dillərinin tətbiqi nəticəsində yerli dillər sıxışdırılıb, mədəni irs isə yox olmaq təhlükəsi ilə üz-üzə qalıb.

Brüsselin saxta üzrxahlığı

Yeri gəlmişkən, Belçika hələ də bütöv xalqlara qarşı törətdiyi cinayət və soyqırımlarına görə təzminat ödəməyib. Son dövrlərdə də bu siyasət davam edir. Məsələn, Belçika dövləti müstəmləkə dövründə Konqoda uşaq vaxtı analarından zorla ayrılan beş qarışıq irqli qadının oğurlanması ilə bağlı insanlığa qarşı cinayət törətdiyinə görə məhkum edilib. Məhkəmə onların hər birinə 50 min avro təzminat və bir milyon avrodan çox məhkəmə xərclərinin ödənilməsinə qərar verib.

2019-cu ildə Belçika hökuməti 1959-1962-ci illər arasında qarışıq irqli olan minlərlə uşağın oğurlanmasına görə ilk dəfə rəsmi şəkildə üzr istəmişdi. 2020-ci ildə isə Belçika kralı ilk dəfə olaraq keçmiş müstəmləkəçi dövlətin törətdiyi zorakılığa görə təəssüf hissini ifadə edib. Yəni üzr istəməmişdi, sadəcə təəssüf etmişdi.

Beləliklə, bütün qeyd olunanlar göstərir ki, müstəmləkəçi dövlətlərin mahiyyəti nəinki dəyişir, əksinə, əvvəlki idarəçiliklərini davam etdirir, xalqları əsarətdə saxlamağa can atırlar. Mühüm olan həm də odur ki, belə dövlətlər törətdikləri cinayət və soyqırımlarına, etnik təmizləmələrə görə üzrxahlıq etməyə tələsmirlər.

“Report” İnformasiya Agentliyi

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More