“Halal” sertifikatlaşdırma Azərbaycanın BÜTÜN BÖLGƏLƏRİNİ əhatə edəcək – Şöbə müdirindən AÇIQLAMA

“Halal” sertifikatlaşdırmanın Azərbaycanın bütün bölgələrini əhatə etməsinə çalışırıq. Bundan əlavə, digər qida təhlükəsizliyi idarəetmə sistemlərində akreditə olunmaq planlaşdırılır”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Sertifikasiya şöbəsinin müdiri Vüsal Əmirxanov deyib.

O bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu hazırda 4 növ sertifikatlaşdırmanı reallaşdırır:

“İribuynuzlu, xırdabuynuzlu, quş əti, balıq və balıq məhsulları, həmçinin süd emalı məhsullarını əhatə edir. Gələcək dövr üçün digər məhsul qruplarını da əhatə etməyi düşünürük. “Halal” sertifikatlaşdırma xidməti uyğunluğun qiymətləndirilməsidir. Uyğunluğun qiymətləndirilməsi iki mərhələdə icra olunur. Əvvəlcə qiymətləndiriləcək müəssisədən ilkin olaraq fəaliyyətləri təsvir edəcək sənədlər toplusu tələb edilir və təqdim edilən sənədlərin müəssisədə OIC/SMIIC-1 “Halal Qida üzrə tələblər” standartının tələblərinin yerinə yetirilmə səviyyəsi təhlil olunur. Daha sonra sənədlərin uyğunluğuna qərar verildiyi halda, uyğunluq qiymətləndirməsinin həyata keçirilməsi üçün sahibkarlıq subyektinə xidmət müqaviləsi ünvanlanır. Xidmət müqaviləsi hər iki tərəfdən təsdiq edildikdən sonra xidmətin həyata keçirilməsi üçün zəruri xidmət haqqının ödənilməsi həyata keçirilməlidir. Müraciət edən sahibkarlıq subyektlərinə daha sonrakı mərhələdə müəssisə və onun fəaliyyət istiqamətləri haqqında məlumatları əhatə edən müraciət forması sahibkarlıq subyekti tərəfindən tərtib olunması üçün qarşı tərəfə göndərilir. Daha sonra müəssisə bizə vaxt təyin edir.

“Halal” sertifikatlaşdırma həm şəriət qaydalarını, həm qida təhlükəsizliyini, həm də qanunvericilik tələblərini əhatə edir. Qeyd olunan tələblərin hər biri ikimərhələli formada yoxlanılır. Hər mərhələ yoxlanılan zaman komitələrin rəyləri alınır. Yoxlamadan sonra yekun rəy bildirilir və müəssisəyə üçillik sertifikat verilir. Bu sertifikatın hər il yoxlanılmaqla doğruluğu təsdiqlənir. Müəssisədə dəyişiklik olarsa, sözügedən hal sertifikasiyaya təsir edir və proses yenidən həyata keçirilir”.

Məhərrəm Əliyev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More