Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Mahir Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilib və Mahir Əsədov dərhal məhkəmə iclas zalında azad olunub.
İttihama görə, hadisə 29 iyul 2024-cü il tarixdə, saat 22 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, Mahir Əsədov həyat yoldaşı, zərərçəkmiş Maya Əsədova ilə mübahisə edib. Buna səbəb isə qadının yüksəkdən danışması olub. Bu zaman təqsirləndirilən şəxs yumruqla arvadının sağ göz nahiyəsinə bir dəfə vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Mahir Əsədov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, cütlüyün yeddi övladı var.