Postmüharibə dövrü Ağdam: Minalar əvəzinə üzüm bağları

ABŞ-nin “Forbes” jurnalında Dafne Yuinq-Çounun Azərbaycanda mina təhlükəsi ilə bağlı məqaləsi dərc edilib.

Oxu.Az nüfuzlu “Forbes” nəşrində dərc edilən məqalənin tərcüməsini oxuculara təqdim edir:

“2023-cü il “Dünya Ərzaq Mükafatı” laureatı, “Sülhün Kökləri” (“Roots of Peace”) təşkilatının rəhbəri Haydi Kühn ilə tanışlığımdan cəmi bir ay keçib. Təşkilat 25 ildir ki, müharibədən qazanılan yaraları ümid toxumlarına çevirir, minalanmış sahələri münbit əkin sahələrinə çevirmək üçün yorulmadan çalışır. “Sülhün Kökləri” təşkilatı dünyanın müxtəlif minalardan təmizləmə işi ilə məşğul olan qrupları ilə işləyir, müharibədən zərər çəkmiş bölgələrdə fermerlər üçün suvarma sistemlərinin, infrastrukturun və əkin sahələrinin bərpası ilə məşğul olur. Bu, nəinki torpağı bərpa edən, həm də bütün icmaların gələcəyini bərpa edən bir missiyadır.

Biz Haydi ilə Ayovada keçirilən “Borlaug Dialogue”(“Borlouqa dialoqu”) beynəlxalq simpoziumunda görüşdük. Hər ikimizin Azərbaycanda təşkil ediləcək COP29 konfransında iştirak edəcəyimiz məlum olanda, Haydi mənə insanı həyəcana gətirən təklif etdi: “Mənə qoşul, “Qarabağda minalanmış ərazilərə birlikdə səfər edək”, – deyə məqalənin müəllifi yazının girişində xatırladır.

Dafne Yuinq-Çou yazıda qeyd edir ki, Ermənistanla Azərbaycan arasında onilliklər boyu davam edən münaqişədən əvvəl Qarabağ ərazisi yaşıl landşaftı ilə məşhur olub. Müəllif oxucuunun diqqətinə çatdırır ki, bərəkətli torpaq və xüsusi iqlim şəraiti bu regionda bir vaxtlar illik 160 min ton üzüm istehsalına şərait yaradıb. Bu isə regionun böyük potensialının sübutudur: “Haydi mənə minalanmış tarlaların yerində salınacaq üzüm bağlarının mənzərəsini təsvir etdi: “Üzüm tənəyi qədimdən sülhün rəmzidir. Üzüm, kişmiş və şərab bizi ayıran yox, əksinə, birləşdirən nəsnələrdir”.

Müəllif yazının davamında bildirir ki, aradan bir ay zaman keçəndən sonra onlar Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən təşkil edilən tədbir çərçivəsində Ağdama yollanıblar.

“Hərəkət etdiyimiz avtomobilin qabaq oturacağında BAMF-nin prezidenti Umud Mirzəyev əyləşmişdi. O, təkcə minatəmizləmə səylərini yorulmadan təbliğ edən və daha təhlükəsiz bir Azərbaycan üçün çalışan QHT rəhbəri deyil, həmçinin bir üzümçü ailəsində doğulmuş qarabağlıdır”, – deyə müəllif vurğulayır.

Müəllif Qarabağa səfər təəssüratını təsvir edərək yazır:

“1988-ci ildə başlayan amansız döyüşlər nəticəsində ərazi ermənilərin nəzarətinə keçir, lakin 2020-ci ildə 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan itirilmiş ərazilərini geri qaytarır. Dağılmış binalar, ətrafa səpələnmiş avtomobil hissələri, əkinsiz sahələr müharibə kabusuna şahidlik edir. Lakin bu viran qalmış yerin altında qədim tarixi olan Azərbaycan şərabçılıq ənənəsi gizlənir. Ağdam şəhəri yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı 3 500 il əvvələ aid üzüm toxumları və daşlaşmış gil küplər aşkar edilib. Bir vaxtlar üzüm bağlarının böyüdüyü bu torpaq nəyin itirildiyini və nəyin yenidən çiçəklənə biləcəyini xatırladır. Mənim Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla söhbətlərim müharibənin dəhşətli nəticələrini üzə çıxardı. Azərbaycan dünyanın ən çox minalanmış beş ölkəsindən biridir: 1990-cı illərdən bəri yerləşdirilən 1.5 milyondan çox mina və partlamamış hərbi sursat 12 min kvadrat kilometr ərazini əhatə edərək, Azərbaycan ərazisinin 13%-ni təşkil edir. Son 30 ildə mina qurbanlarının ümumi sayı minlərlədir, 2020-ci ildən isə 382 qurban qeydə alınıb. Elçin Əmirbəyov vurğuladı ki, söhbət təkcə minaların basdırıldığı ərazilərdən deyil, həm də bu fəlakət nəticəsində həlak olan günahsız insanların həyatından gedir”.

Qarabağa səfər edən jurnalist qeyd edir ki, münaqişə səbəbindən yararsız hala düşən torpaqlar Azərbaycanın iqtisadiyyatına və ərzaq təhlükəsizliyinə sarsıdıcı zərbə vurur:

“Xarici İşlər Nazirliyinin hesabatına görə, minaların və digər partlamamış hərbi sursatların olması torpağı, bitki örtüyünü, infiltrasiyanı və su axınını əhəmiyyətli dərəcədə məhv edib və kənd təsərrüfatı torpaqlarının geniş sahələrini yararsız hala salıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) region üzrə Ərazilərinin Minalardan Təmizlənməsi İdarəsinin rəisi Xalid Zülfüqarov, BAMF-nin əməliyyat meneceri Şahin Allahverdiyev çıxış edərək şəhərin bərpası və regional inkişaf mərkəzinə çevrilməsi istiqamətində aparılan işlərdən danışdılar.

2024-cü ilin ortalarına qədər 145.7 min hektardan çox ərazi təmizlənib və 122 mindən çox partlayıcı qurğu, o cümlədən 32.581 piyada əleyhinə mina və 19.666 tank əleyhinə mina təmizlənib. Bu uğurlara baxmayaraq, minalanmış rayonun 13%-dən az hissəsi təmizlənib və bu, bir daha problemin aktuallığını təsvir etməyə imkan verir”.

Dafne Yuinq-Çou məqalədə BAMF-nin prezidenti Umud Mirzəyevə istinadən qeyd edir ki, minaların təmizlənməsi üzrə işlər böyük maliyyə hesabına başa gəlir:

“Bu iş qabaqcıl texnologiyalar, ixtisaslı işçi qüvvəsi və daimi beynəlxalq dəstək tələb edir. Təcili sərmayələr cəlb edilmədən, davam edən ekoloji deqradasiya daha da pisləşəcək, biomüxtəlifliyi, ekosistemləri və bu resurslardan asılı olan icmaların dolanışıq vasitələrini təhdid edəcək. Minatəmizləmə işinin sürətləndirilməsi təkcə humanitar zərurət deyil, həm də biosferə daha çox zərərin qarşısını almaq üçün ekoloji imperativdir”.

Məqalənin müəllifi xatırladır ki, 2021-ci ilin iyununda Ermənistanın mina xəritəsi təkcə Ağdamda 97 min minanın basdırıldığını göstərib:

“2023-cü ildə ANAMA ilə koordinasiyada BAMF, Mina Məsləhət Qrupu (MAG) və APOPO (Piyada Əleyhinə Mina Aşkarlama Məhsullarının Təkmilləşdirilməsi) ilə birgə mina təhlükəsini azaltmaq və yerli sakinlərin köçürülməsinə kömək etmək üçün layihəyə start verilib. Şəhərin boş ərazilərindən keçərək Nəmirli kəndində hasarlanmış bir əraziyə çatdıq. Daha sonra BAMF-nin ofisində biz doqquz minatəmizləyici qadınla tanış olduq. Nəmirli kəndində MAG-dan Ramin Qədimli bizə öz hekayəsini nəql etdi. O, tərcüməçi rolunda etdiyi çıxışda 2020-ci ildə müharibənin ağır nəticələrindən danışdı. “Mən dostlarımı itirdim, bir çoxu isə ağır yaralandı”, – deyə Qədimli xatırladı. O, həmçinin bizə bütün dünyada MAG-ın təmizlədiyi torpaqların kənd təsərrüfatına yararlığından danışdı”.

Jurnalist öz təəssüratı haqqında yazısında qeyd edir ki, gizli partlayıcıların pəncəsindən azad olan bu sahələr yenidən yerli icmaların dolanışığına xidmət edə biləcək:

“Təmizlənmiş torpaqlar fermerlərə məhsul yetişdirmək, suvarma sistemlərini bərpa etmək və yerli iqtisadiyyatları canlandırmaq imkanı verir. Siyahıdan silinmiş hər bir mina münaqişədən təsirlənmiş regionlarda davamlı inkişafa, ərzaq təhlükəsizliyinə zəmin yaradacaq.

Haydi və mən “sülhün izləri” ilə getməzdən bir il yarım əvvəl o, Nobelin ixtirası olan dinamitdən məhv etmək üçün deyil, yenidənqurma üçün istifadə etdi, Qarabağda altı tank əleyhinə minanı partladıb. Bu anda tarix və məqsəd qovuşdu: müharibə simvolu həyatı bərpa etmək üçün bir vasitə oldu. 2023-cü ildə Azərbaycan “Minasız dünya” təşəbbüsünü özünün 18-ci milli davamlı inkişaf hədəfi kimi elan edib. Minalar təkcə münaqişənin qalıqları deyil, onlar həm də münbit sahələri yararsız hala salaraq həyata, inkişafa maneə törədir. Lakin bu problem qlobal tədbirlərin həyata keçirilməsini tələb edir. Elçin Əmirbəyovun sözlərinə görə, 2020-ci ildən bəri xarici yardım irimiqyaslı minatəmizləmə işlərində istifadə olunan resursların cəmi 5%-ni təşkil edib. Minatəmizləmə əməliyyatlarını sürətləndirmək və əvvəllər məcburi köçkün olmuş 800 min insanın evlərinə təhlükəsiz qayıdışını təmin etmək üçün geniş beynəlxalq dəstəyə ehtiyac var.

Haydi və mən bir andı paylaşdıq: qorxu qarşısında birlikdə dayanmaq, başqalarının addım atmağa cəsarət edə bilmədiyi yerlərdə təhlükəsiz yollar açmaq və münaqişə nəticəsində susdurulanların səsini eşitdirmək. Bu, ümiddən qaynaqlanan bir and idi. Ümid edirəm ki, bir gün minaların əvəzinə üzüm tənəkləri çiçək açacaq”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More