Qəzza zolağında atəşkəslə bağlı danışıqlar davam edəcək.
Oxu.Az-ın “The Jerusalem Post” nəşrinə istinadən xəbərinə görə, bu barədə İsrail rəsmiləri məlumat veriblər.
Məlumata görə, sağ qalan israillilərin siyahısını təqdim etmədikləri üçün vasitəçilər HƏMAS-a təzyiq göstəriblər. Bildirilib ki, oktyabrda öldürülən HƏMAS lideri Yəhya Sinvarın kiçik qardaşı Məhəmməd Sinvar əsir götürülən israillilərin adını çəkməkdən imtina edir.
Nəşrin həmsöhbətlərinin fikrincə, HƏMAS sağ qalan israilli əsirlərin siyahısını təqdim etməsə, qarşılıqlı razılaşmanın əldə edilməsi mümkün olmayacaq.
Nəşr onu da xatırladıb ki, dekabrın 21-də Fələstin rəsmisi girovlarla bağlı razılaşmaya hazır olduqlarını demişdi. Fələstin rəsmisinin sözlərinə görə, girovlar və atəşkəslə bağlı danışıqlar 90% nisbətində tamamlanıb.
Qeyd edək ki, İsrail rəsmilərindən verilən daha əvvəlki xəbərlərə görə, İsrail girovların azad edilməsinə dair mümkün razılaşma üzrə danışıqlarda irəliləyiş əldə edilməsi üçün Fələstinin HƏMAS qruplaşmasından Qəzza zolağında saxlanılan və həyatda olan girovların siyahısını gözləyir. Radikalların azad etməyi planlaşdırdıqları canlı girovların siyahısı olmadan danışıqlarda irəliləyiş əldə etmək son dərəcə çətin olacaq.