İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

İnsult keçirmiş şəxslərə sürətli, effektiv və yüksəkkeyfiyyətli tibbi müdaxilə edilməsi, beyin qan dövranının kəskin pozulması zamanı düzgün strategiyanın seçilməsi, habelə adıçəkilən diaqnozla müraciət edən pasiyentlərin monitorinqinin düzgün aparılması bu kateqoriyadan olan pasiyentlərin sağlamlığında xüsusi əhəmiyyət daşıyır.

Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə ölkədə insult xəstəliyi üzrə tibbi xidmətlərin təkmilləşdirilməsi məqsədilə qurumun tabeliyində olan bir sıra tibb müəssisələrinin (mərkəz və şöbələrinin) insult üzrə beynəlxalq sertifikasiyası həyata keçiriləcək. Artıq bu istiqamətdə hazırlıq işlərinin görülməsi, tibb müəssisələrinin fəaliyyətinin və təşkilati strukturunun qiymətləndirilməsi, eləcə də beynəlxalq keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması işlərinə başlanılıb.

İlkin mərhələdə “Yeni Klinika” ixtisaslaşmış insult mərkəzi olmaqla, Kliniki Tibbi Mərkəz, Sumqayıt Tibb Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının ilkin səviyyədə sertifikatlaşdırılma prosesinə cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, bu sertifikasiya Ümumdünya İnsult Təşkilatının əsas meyarlarına uyğun olaraq müəyyənləşdirilir.

Məlumat üçün bildirək ki, dünya statistikasına əsasən, insult hər il 15 milyondan çox insanın ölümünə səbəb olur. Hər üç saniyədə bir nəfərin insult keçirməsi ilə bu xəstəlikdən ölüm faizi ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yerdə qərarlaşır. İnsult, həmçinin əlilliklə nəticələnən xəstəliklər arasında da ilk sıralardadır.

Gələcəkdə insult xəstəliyi üzrə tibbi xidmətlərin təkmilləşdirilməsi prosesinin genişləndirilməsi və bu istiqamətdə sertifikasiyaya cəlb olunan tibb müəssisələrinin siyahısının artırılması planlaşdırılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More