İngiltərənin “Çelsi” klubu icarə əsasında “Mançester Yunayted” klubundan transfer etdiyi futbolçunu birdəfəlik almaq niyyətindədir.
Oxu.Az xəbər verir ki, “zadəganlar” gənc ulduzun performansından razı qaldıqları üçün Ceydon Sanço ilə üçillik müqavilə imzalamaq niyyətindədirlər.
Erik ten Haqın dövründə “Mançester Yunayted”də forma üzü görməyən Ceydon Sanço da “Çelsi”də xoşbəxt olduğunu bildirərək burada qalmaq istədiyini deyib.
Xatırladaq ki, Ceydon Sanço “Mançester Yunayted”ə məxsus olsa da, ötən mövsümü “Borussiya Dortmund”da icarə əsasında başa vurub. Daha sonra isə “Çelsi” Sançonu heyətinə qatıb.
Qeyd edək ki, Ceydon Sanço bu mövsüm “Çelsi” forması ilə 13 oyunda meydana çıxıb, iki qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.