“Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin “Embraer 190″ təyyarəsinin pilotlarının peşəkarlığı təqdirəlayiqdir, onlar nəticənin mümkün qədər az itki ilə olması üçün hər şeyi ediblər”.
Oxu.Az-ın zakon.kz-a istinadla verdiyi məlumata görə, bunu mülki aviasiya üzrə qazaxıstanlı ekspert Abul Kekilbayev Aktauda faciəli qəza ilə bağlı şərhində deyib.
Ekspert qəzaya uğrayan təyyarənin ekipajına hörmətini ifadə edib və pilotların yaşayış məntəqəsi ilə toqquşmadan qaçmağa çalışdıqlarına diqqət çəkib.
“Pilot suya enmək niyyətində olmayıb, çünki Aktau hava limanına enməyi planlaşdırıb. Hava gəmisi komandirinin qərarı bizdə aviasiyada müzakirə olunmur. Biz pilotun seçdiyi istiqamətdə uğurlu uçuşu həyata keçirməsinə kömək etmək üçün mümkün olan hər şeyi edirik. O, sadəcə düz düşə bilərdi, amma pilot maksimum dərəcədə eniş planlaşdırmağa çalışıb. Bu, çox sayda insanın həyatını xilas edib. Əgər düz düşsəydi, orada hamı həlak olardı.
Videogörüntülərə əsasən, pilotlar təyyarəni düzəltməyə və təhlükəsiz eniş etməyə çalışıblar. Onların peşəkarlığı təqdirəlayiqdir, baxmayaraq ki, bu barədə az danışırlar”, – deyə ekspert vurğulayıb.